“Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı
UFC-nin sabiq yüngül çəki çempionu və “Şöhrət Zalı” üzvü Həbib Nurməhəmmədov Fələstinə açıq dəstəyinə görə bir neçə sponsorluq müqaviləsini itirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, 37 yaşlı keçmiş döyüşçü bu barədə ABŞ-ın Nyu-Cersi ştatında azarkeşlərlə görüşü zamanı danışıb.
Nurməhəmmədov İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinə görə sponsorların bəzi idmançılarla əməkdaşlığı dayandırdığını deyib.
“Bununla bağlı paylaşım etdiyiniz zaman müqavilələri və sponsorluqları itirirsiniz. Bir çox sponsor Fələstini dəstəkləyən bəzi idmançılarla işləmək istəmir. Söhbət sadəcə dəstəkdən getmir, onlar müqavilələri ləğv edirlər.
Düşünürsünüz ki, bu, mənim başıma gəlməyib? Yaxud İslam Mahaçevin və ya Usman Nurməhəmmədovun? Bizim də başımıza gəlib. Biz də çoxlu pul itirmişik. Amma insan həyatı ilə müqayisədə pul heç nədir”, – deyə Həbib bildirib.
Namiq HUN