Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl
Tbilisidə xüsusi amansızlıqla qətlə yetirilən 21 yaşlı Azərbaycan vətəndaşı Fatimə Kərimovanın işi ilə bağlı yeni təfərrüatlar məlum olub.
TodayPress TV xəbər verir ki, Gürcüstan mətbuatının yaydığı məlumata əsasən, hadisə iyunun 26-da baş verib.
İddialara görə, Fatimə bir neçə gün əmisi oğlu tərəfindən mənzildə saxlanılıb, fiziki zorakılığa məruz qalıb və daha sonra boğularaq qətlə yetirilib. Bildirilir ki, meyitin üzərində işgəncə izləri aşkarlanıb.
Məlumata görə, Fatimə əvvəlcə sevgilisi ilə birlikdə Gürcüstana gedib. Maddi imkanları tükəndikdən sonra sevgilisinin onu döydüyü, mobil telefonunu lombarda qoyduğu və gənc qızı tərk edərək Azərbaycana qayıtdığı iddia olunur.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, köməksiz vəziyyətdə qalan Fatiməyə əvvəlcə yerli sakin sığınacaq verib. Daha sonra onun əmisi oğlu Fatimə ilə əlaqə saxlayaraq kirayə mənzil tutacağını və onu Azərbaycana qaytaracağını vəd edib. Lakin sonradan onun qətldə əsas şübhəli olduğu ortaya çıxıb.
Mərhumun yaxınları bildiriblər ki, Fatimə yetim olub və ailəsindən yalnız 19 yaşlı bacısı sağ qalıb.
Gürcüstanın qadın hüquqlarını müdafiə edən "Sapari" təşkilatının rəhbəri Baia Pataraya bildirib ki, hadisə barədə ona rusiyalı bloger müraciət edib. Onun sözlərinə görə, Fatimə ailəsi tərəfindən əvvəllər başqa bir şəxslə nişanlandırılıb. Həmin şəxsin Fatimədən borc aldığı, lakin pulu qaytarmadığı iddia edilir. Bundan sonra Fatimə yeni həyat qurmaq ümidi ilə sevgilisi ilə birlikdə Gürcüstana yollanıb.
Baia Pataraya qeyd edib ki, Fatiməyə sonradan erməni əsilli yerli qadın kömək edib və onun ailəsi ilə əlaqə yaradılıb. Daha sonra əmisi oğlu Tbilisiyə gələrək Fatiməni özü ilə aparıb. Bir müddət sonra isə gənc qızla əlaqə tamamilə kəsilib.
Bildirilib ki, Fatimənin bacısı iki gün onunla əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini xahiş edib. Qapı açılmadığından polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olarkən Fatimənin meyitini aşkar ediblər.
Hüquq müdafiəçisinin sözlərinə görə, qətldə şübhəli bilinən şəxs hadisədən sonra Türkiyəyə qaçıb və axtarışa verilib. "Sapari" təşkilatı artıq Gürcüstan Prokurorluğuna müraciət edərək mərhumun bacısının zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi kimi tanınmasını istəyib.
Hazırda faktla bağlı istintaq davam edir. Gürcüstan hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması və ölkəyə ekstradisiyası istiqamətində tədbirlərin görüldüyünü bildirirlər.
Qeyd edək ki, iş üzrə bəzi məlumatlar hüquq müdafiəçilərinin və mərhumun yaxınlarının açıqlamalarına əsaslanır. Bu iddiaların hüquqi qiyməti istintaq və məhkəmə araşdırmalarının nəticələri ilə müəyyən olunacaq.