Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst
İyulun 29 -da Amerika tarixçisi, jurnalisti və yazıçısı Tomas Qoltsun anım günüdür.
Tomas Qolts 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olub. O, ABŞ-nin Şimali Dakota ştatında böyüyüb, Nyu-York Universitetində Orta Şərq araşdırmaları üzrə magistr təhsili alıb.
Bir neçə dil bilən Qolts türk, Azərbaycan, alman, rus, ərəb və fars dillərində sərbəst danışıb. O, jurnalist fəaliyyəti ilə yanaşı, regiondakı siyasi proseslər və münaqişələr barədə araşdırmaları ilə də tanınır.
Onun 1998-ci ildə nəşr olunan “Azərbaycan gündəliyi” kitabı Qarabağ münaqişəsi və xüsusilə Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.
O, Birinci Qarabağ müharibəsi zamanı bölgədə baş verən hadisələri işıqlandıran nadir xarici jurnalistlərdən biri olub. Tomas Qolts Xocalı faciəsinin nəticələrini öz gözləri ilə görüb və bu barədə hazırladığı materialları bütün dünyaya çatdırıb.
Qoltz o zaman böyük sarsıntı keçirmişdi:
“Artıq ruhların dolaşdığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən, sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım. Xocalı fəlakəti Azərbaycanın milliyyətçilik təqvimində ən böyük əks-səda yaradan tarixlərdən biri kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş Bakı qırğını ilə birlikdə tarixə qanla yazıldı. O zaman mən Xocalıya – Ağdam cəbhəsinə getdim və gördüklərimdən dəhşətə gəldim. Şəhərdə nə qədər adam vardısa, hamısını dəhşətli şəkildə qətlə yetirmişdilər. Fevralın 27-də “Vaşinqton Post” qəzetinin üç səhifəsində Xocalı qırğını haqqında mənim məlumatım dərc edildi. Bundan sonra Londonun “Sanday Times” qəzetinin birinci səhifəsində bir məqalə verildi. O vaxtdan sonra dünyanın müxtəlif yerlərində öldürülənlərin sayı ilə maraqlanmağa və dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başladılar. Mən Azərbaycan üçün çətin olan illəri və baş verən hadisələri “Azərbaycan gündəliyi” kitabında qələmə almışam”.
O, Azərbaycan həqiqətlərinin təbliğinə görə Ermənistan tərəfindən arzuolunmaz şəxslər siyahısına daxil edilib və ölkəyə girişinə də qadağa qoyulub.
Tomas Qolts 29 iyul 2023-cü ildə ABŞ-nin Montana ştatının Livinqston şəhərində vəfat edib.
Allah Rəhmət etsin!
