Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı
Suriyada Bəşər Əsəd rejimi dövründən qalan nüvə materiallarının olduğu açıqlanıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, əvvəllər bəyan edilməmiş obyektdə bir neçə ton nüvə materialı aşkarlanıb. Onun sözlərinə görə, bu materiallardan zərərli məqsədlərlə istifadə edilə bilər.
Suriya iyul ayında məsələ barədə könüllü şəkildə BAEA-ya məlumat verib və agentliyin müfəttişlərinə obyektə giriş imkanı yaradıb.
Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, materiallar ölkənin nəzarətində və BAEA-nın təminatları altında qalacaq. O, Suriyanın nüvə proqramından dinc məqsədlərlə istifadə etmək hüququnun olduğunu vurğulayıb.
Məlumata görə, nüvə materialları 2007-ci ildə İsrail tərəfindən məhv edilən Əl-Kibar reaktoru ilə əlaqələndirilir. İsrail həmin obyektin Şimali Koreyanın yardımı ilə inşa edildiyini iddia edib.
Qrossi isə Suriyanın BAEA qarşısındakı öhdəliklərinə əməl edən ölkə statusuna qayıtdığını bildirərək, nüvə məsələsində “keçmiş səhifənin çevrildiyini” deyib.
Kübra Musayeva