"ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi
İran ABŞ-nin ölkə ərazisinə qarşı mümkün yeni hərbi zərbələri halında Körfəz ölkələrindəki enerji infrastrukturu və ABŞ-nin regional maraqlarını hədəfə alacağı barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın iyulun 28-də İranın enerji infrastrukturlarına zərbə endirə biləcəyi ilə bağlı bəyanatından sonra yüksək səviyyəli diplomatik təmaslar zamanı Körfəz ölkələrinin rəhbərliyinə çatdırılıb.
Beş fərqli mənbənin bildirdiyinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xarici işlər nazirləri, həmçinin Pakistan ordusunun rəhbəri ilə telefon danışıqları aparıb. Tehran həmin ölkələrdən Vaşinqtona təsir göstərərək Donald Trampı yeni hərbi əməliyyatlardan çəkindirmələrini istəyib.
Mənbələrin sözlərinə görə, İran açıq şəkildə bəyan edib ki, ABŞ ölkənin enerji obyektlərini hədəfə alacağı təqdirdə, cavab olaraq Körfəzdəki enerji infrastrukturu, neft emalı zavodları, elektrik şəbəkələri, su və nəqliyyat infrastrukturu, eləcə də ABŞ-nin bölgədəki hərbi obyektləri zərbə altına düşəcək.
"Reuters"in məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Donald Trampla danışaraq onu hərbi əməliyyatları təxirə salmağa, atəşkəsin qorunmasına və danışıqların bərpasına çağırıb. Bununla yanaşı, Ər-Riyad öz ərazisinə ediləcək istənilən hücuma hərbi cavab verəcəyini də Tehrana çatdırıb.
İran rəsmiləri hesab edirlər ki, Körfəz ölkələrinin enerji infrastrukturunun hədəfə alınacağı ilə bağlı xəbərdarlıq həm Vaşinqtona, həm də onun regional müttəfiqlərinə yeni hücumların ciddi iqtisadi və strateji nəticələr doğura biləcəyini göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Donald Tramp avqustun 2-də İranla qısa müddətdə razılıq əldə olunacağı təqdirdə planlaşdırılan hərbi zərbələri dayandırmağa hazır olduğunu açıqlamışdı. Reuters-in məlumatına görə, hazırda tərəflər arasında diplomatik kanallar vasitəsilə gərginliyin daha da artmasının qarşısını almaq üçün intensiv təmaslar davam edir.
Jalə Rövşən