Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz

Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz
04.07.2025 13:11 Cəmiyyət

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini formalaşdıran daha bir qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, işin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olub, müəyyən müddətdən sonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat edib. 

İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb. O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.

Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri tərəfindən iddia təmin olunmayıb. İddiaçı Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

Mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.

O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal olunur. Məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyil. Bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.

Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulub: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır. Təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.

Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir. 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanıb. Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab edilir. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuş hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.

Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz. Çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutub. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz. Bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirib. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalmış mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.

Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Bütün Xəbərlər