Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi
19.06.2026 12:20 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi:

-Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.

Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.

Həm Səid Camaloviç, həm də onun layiqli davamçısı olan Siz xalqlarımızı daha da yaxınlaşdırmaq, ümumi təhlükəsizlik və sabitlik sisteminin vacib amili olan regionlarımızın iqtisadi inkişafına və ümumilikdə insanlar arasında münasibətlərə ardıcıl töhfə vermək üçün həmişə çox iş görmüsünüz və görürsünüz.

Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.

Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.

Bu gün Sizi şəxsən təbrik etməyimə çox şadam, artıq öz təbriklərimi çatdırmışam və Sizin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamışam. İndi həmin ordeni Sizə şəxsən təqdim etmək istəyirəm.

X X X

Dövlətimizin başçısı ordeni Qurban Qurbanova təqdim etdi.

X X X

Qurban Qurbanov dedi: “İlham Heydər oğlu, diqqətinizdən və ilk növbədə atama, qardaşıma və indi də mənə verdiyiniz yüksək mükafatdan çox təsirləndim. Haqlı olaraq qeyd etdiyiniz kimi, Heydər Əlirza oğlu ilə Səid Camaloviç arasında olan səmimi dostluğu həmişə qiymətləndirəcək və qoruyub saxlayacağıq”.

Qurban Qurbanov atası ilə Ulu Öndərin səmimi münasibətlərinin Azərbaycanla Rusiya Federasiyası və Dağıstan arasında dostluğun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını dedi. O, Dağıstanda tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsinin böyük rəğbətlə anıldığını qeyd etdi.

Qurban Qurbanov dedi: “Bilirsiniz, dağıstanlılar Əziz Əliyevi çox hörmətlə anır və xatırlayırlar. Mahaçqalada Əziz Əliyevin gözəl, yaxşı və möhtəşəm bir abidəsi var. Onun adını daşıyan çoxlu küçələr var. Bu, bir tarixdir, hamı onun haqqında həmişə açıq danışır və bununla fəxr edir”.

Qonaq özünün və atasının Ümummilli Liderlə və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı. Dağıstanda Ulu Öndərin xatirəsinə daim dərin hörmətin bəslənildiyini vurğulayan Qurban Qurbanov dahi şəxsiyyətin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışdı, bu xüsusda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin iştirakını qeyd etdi.

TodayPress TV

FOTOLAR

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 1
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 2
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 3
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 4
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 5
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 6
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 7
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 8
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi — 9
XƏBƏR LENTİ
03 AVQUST 2026
Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 Bütün Xəbərlər