Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2

Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2
22.08.2025 14:47 Xarici siyasət

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Prezidentini və nümayəndə heyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov dedi:

-Ölkəmizə səfərə gəlmək dəvətini qəbul etdiyiniz üçün Sizə minnətdaram. Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu.

Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik.

Bugünkü danışıqlarımız münasibətlərimizə təkan verir. Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.

İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var.

Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur.

Türkmənistan Prezidentinin Sizə böyük salamını çatdırıram. Sizi Türkmənistanda görməyimə şadam. Biz dialoqumuzu BMT-nin dillərindən biri vasitəsilə davam etdirəcəyik.

Sözü Sizə verirəm.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Təşəkkür edirəm, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm, qardaş türkmən xalqına səmimi salamlarımı və sevgimi çatdırmaq istəyirəm. Türkmənistan torpağında yenidən olmağımdan da çox məmnunam.

Biz Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Mən artıq Sizə bildirdim ki, Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir.

Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr - energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra Hökumətlərarası Komissiyanın iclası olmuşdur. Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik.

Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.

Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.

Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

x x x

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olundu, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulandı. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirildi.

Dövlətimizin başçısı avqustda Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı, bu tədbirdə Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı.

Türkmənistan Xalq Məsləhətinin sədri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək.

Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunuldu. Bu xüsusda, bu gün keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə, həmçinin Türkmənistanın “Axalteke” və Azərbaycanın Qarabağ atlarının beynəlxalq festivallarda birgə iştirakı məsələlərinə toxunuldu.

***

10:49

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

09:59

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 1
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 2
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 3
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Bütün Xəbərlər