Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR
Prezident İlham Əliyev iyulun 17-də İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.
TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələr arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxunub.
Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirib, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb.
Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını bir daha təbrik edib.
Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib.
O, həmçinin İrlandiyanın "Avropa Siyasi Birliyi"nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.
Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğulayıb.
Dövlət başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkədə bu istiqamətdə görülən işlərə toxunub.
Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***
11:39
Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.
TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı dost ölkələr arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəyə isə yeni uğurlar arzulayır.
Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.
Səfir bu günlərdə diplomatik münasibətlərin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.
O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.
Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***
11:23
Prezident İlham Əliyev iyulun 17-də Kamboca Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanın Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlər və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxunub, Kambocanın dost ölkə olduğunu bildirib.
Qəbula görə dövlət başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.
Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğulayıb. O, ölkələrin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini deyib.
İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğulayıb.
Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirilib.
Kambocanın Baş nazirin Azərbaycana gözlənilən səfərinin ikitərəfli əlaqələrin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olunub.

***
11:15
Prezident İlham Əliyev iyulun 17-də Braziliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.
Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib.
Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb.
Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini deyib.
Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edilib, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulanıb.
