İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
21.09.2025 17:42

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışı münasibətilə təbrik edir və hər birinizi səmimi-qəlbdən salamlayıram.

Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Bütün Xəbərlər