Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi
Dünyanın ən sakit ölkəsi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, “Noise-Free Nations Index” reytinqinə əsasən, ilk sırada Butan qərarlaşıb.
Reytinq turist şirkəti Go2Africa tərəfindən hazırlanıb. Qiymətləndirmə zamanı ölkələrin əhali sıxlığı, turist axını, kənd ərazilərinin payı, qorunan torpaqların həcmi, avtomobil və dəmir yolu sıxlığı, həmçinin hava limanlarının sayı nəzərə alınıb.
Butanın birinci yerdə qərarlaşmasında ölkənin geniş meşəlik və dağlıq əraziləri, eləcə də turist sayını məhdudlaşdıran siyasəti əsas amillərdən olub.
İlk beşlikdə Butandan sonra Namibiya, Botsvana, Zambiya və Qabon yer alıb. İlk 10-luqda həmçinin Venesuela, Çad, Mərkəzi Afrika Respublikası, Monqolustan və Boliviya var.
Avropada ən sakit ölkə isə Estoniya seçilib. Estoniya dünya sıralamasında 34-cü, Finlandiya 39-cu, İsveç isə 40-cı yerdə qərarlaşıb. Avropa ölkələrinin ilk 20-liyə düşməməsi əhali sıxlığı, turist axınının çoxluğu və inkişaf etmiş infrastrukturla əlaqələndirilir.
Reytinqin əks tərəfində isə dünyanın ən səs-küylü ölkələri yer alıb. Bu siyahıya Sinqapur başçılıq edir. Ardınca Maldiv adaları, Barbados, Qətər və Livan gəlir.
Beləliklə, siyahıya əsasən, sakitlik axtaranlar üçün ən uyğun istiqamətlər əsasən az məskunlaşmış və geniş təbii ərazilərə malik ölkələrdir.
Kübra Musayeva