Ramiz Yunus: “Rusiya öz hərəkətləri ilə həmin pəncərəni mismarladı”

Ramiz Yunus: “Rusiya öz hərəkətləri ilə həmin pəncərəni mismarladı”
03.02.2026 11:34 Təhlil

“Müstəqil Dövlətlər Birliyi (MDB) gələcəyin layihəsi kimi deyil, keçmişi idarə etmək aləti kimi yaranıb”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.  

O xatırladıb ki, MDB Sovet İttifaqının dağılması, Moskvadakı siyasi böhran və postsovet elitalarının vahid məkanın nəzarətsiz şəkildə parçalanmasından duyduğu qorxu şəraitində formalaşıb:


“1991-ci ilin dekabrında, Mixail Qorbaçovla Boris Yeltsin arasındakı qarşıdurma fonunda Rusiya, Ukrayna və Belarus liderləri artıq baş vermiş faktı rəsmiləşdirdilər: SSRİ beynəlxalq hüququn subyekti kimi mövcudluğunu dayandırır. MDB kompromis forma oldu — dağılmanı sivil qaydada rəsmiləşdirmək, minimal əlaqələri saxlamaq və xaosdan qaçmaq cəhdi”.

Analitik bildirib ki, MDB əvvəlcədən nə fövqəldövlət ittifaqı, nə də Sovet İttifaqının reinkarnasiyası kimi nəzərdə tutulmuşdu. Bu, keçid dövrünü müşayiət etməli olan müvəqqəti müqavilə konstruksiyası idi:

“Məhz buna görə 1990–1991-ci illərdə keçmiş müttəfiq respublikalar münasibətlərin konstitusion məntiqindən müqavilə məntiqinə keçdilər. Tarixi ümumilik, iqtisadi əlaqələr və suverenliyin qarşılıqlı tanınması qeyri-müəyyənlik şəraitində rasional qərarlar kimi görünürdü”.  

Professorun sözlərinə görə, 1990-cı illərdə, Boris Yeltsin dövründə MDB məhdud funksiyanı yerinə yetirirdi və Moskvaya postsovet məkanında iqtisadi rıçaqlar, siyasi mexanizmlər və güc resursu vasitəsilə təsiri qorumağa imkan verirdi. Lakin hətta o zaman da MDB zərurətdən çox, ətalətlə mövcud olan, zəif və ziddiyyətli struktur olaraq qalırdı:


“Keyfiyyətcə dönüş Moskvada güc strukturlarına mənsub nümayəndələrin hakimiyyətə gəlişi ilə baş verdi. Çeçenistan müharibələrindən sonra və xüsusən də Vladimir Putinin 2007-ci ildə Münhendəki çıxışından sonra aydın oldu: Kreml postimperial birgəyaşayış məntiqindən imtina edir və təsir dairələri konsepsiyasına qayıdır. MDB tədricən dialoq platformasından neoimperial layihənin dekorativ fasadına — ideologiyasız, lakin siyasi sədaqət və tabeçilik tələbi olan bir növ “SSRİ 2.0”a çevrildi”. 

Analitik qeyd edib ki, 2008-ci ildə Gürcüstana qarşı müharibə, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişə birmənalı siqnal oldu: Moskva keçmiş respublikaları bərabərhüquqlu tərəfdaşlar kimi deyil, özünün müstəsna strateji maraqlar zonası kimi nəzərdən keçirir və onları “mərkəzin” iradəsini nəzərə almağa borclu olan asılı “yaxın xaric” kimi qəbul edir.

Onun fikrincə, geosiyasi reallıq imperiya təsəvvürlərinə uyğunlaşmaq məcburiyyətində deyil:

“İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda qüvvələr balansını radikal şəkildə dəyişdi, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və eyni zamanda 100 ildən sonra Türkiyəni regiona sistemli oyunçu kimi qaytardı. Təhlükəsizlik məsələlərində Rusiyanın inhisarı faktiki olaraq sarsıdıldı”.

Ramiz Yunus Moskva üçün fatal strateji səhv kimi 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı təcavüzü göstərib. Onun sözlərinə görə, sürətli hərbi uğur hesabı özünü doğrultmayıb, Ukrayna dövlətçiliyini qoruyub, Rusiya isə ağır nəticələri olan uzunmüddətli münaqişəyə cəlb olunub və bu yanlış hesablamanı artıq “taktiki olaraq düzəltmək” mümkün deyil: 


“Bu səhvin nəticələri artıq açıq görünür: NATO Finlandiya və İsveç hesabına genişləndi, Baltik dənizi alyansın daxili məkanına çevrildi, Rusiyanın Avropa ilə münasibətləri isə əvvəlki resurslar olmadan uzunmüddətli qarşıdurma mərhələsinə daxil oldu. Tarixin paradoksu ondadır ki, vaxtilə I Pyotr “Avropaya pəncərə açmışdı”, müasir Rusiya isə öz hərəkətləri ilə həmin pəncərəni mismarladı və Çinlə asimmetrik asılılığa getdikcə daha dərindən qərq oldu. Bu fonda yeni regional reallıq formalaşır. Türk Dövlətləri Təşkilatı güclənir, aparıcı rolları Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan oynayır. ABŞ-nin iştirakı artır, Zəngəzur istiqaməti də daxil olmaqla nəqliyyat və enerji dəhlizləri möhkəmlənir. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana gözlənilən səfəri Cənubi Qafqazda Rusiyanın təkbaşına hegemonluq dövrünün sona yaxınlaşdığını göstərir. Bu səfər 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında ABŞ Prezidentinin iştirakı ilə sənədlərin tarixi imzalanmasının məntiqi davamı kimi qiymətləndirilir”.

Professor əlavə edib ki, Rusiya hakimiyyətinin və onun təbliğat maşınının əmək miqrantlarına qarşı alçaldıcı ritorikası, eləcə də bir il əvvəl Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın Hava Hücumundan Müdafiəsi (HHM) tərəfindən vurulmuş Azərbaycan mülki təyyarəsi ilə bağlı Kremlın kobud reaksiyası imperiya təkəbbürü hissini daha da gücləndirir və MDB-də iştirak getdikcə siyasi və mənəvi anaxronizm kimi qəbul olunur.

Onun fikrincə, bu şəraitdə MDB faktiki olaraq subyekt kimi mövcud deyil, müharibələrin qarşısını almayıb, kollektiv təhlükəsizlik mexanizminə çevrilməyib, iqtisadi ittifaq və siyasi gündəm formalaşdırmayıb, yalnız qərar doğurmayan görüşlər ritualı səviyyəsində qalıb:  

“Azərbaycan bütün MDB ölkələri ilə inkişaf etmiş ikitərəfli münasibətlər qurub və real işləyən əməkdaşlıq çoxdan Birlik çərçivəsindən kənarda mövcuddur. Bu baxımdan, reallıqda heç bir əhəmiyyətli funksiyanı yerinə yetirməyən strukturda iştirakın saxlanılması sual doğurur. MDB mümkün olmadığı üçün yox, əsas oyunçunun bunda marağı olmadığına islah olunmur. Kreml üçün effektivlik deyil, itirilmiş imperiyanın simvolik qabığı önəmlidir. Lakin məzmundan məhrum simvollar reallıqla toqquşmaya tab gətirmir. SSRİ-nin dağılması prosesi hüquqi baxımdan 1991-ci ildə, siyasi baxımdan 2000-ci illərdə başa çatdı, mental baxımdan isə bu proses gözlərimizin önündə tamamlanır. MDB-nin tarixi illər boyu şüurlu seçim kimi maskalanmış strateji səhvin və mənasını itirmiş institutun ətalətlə mövcudluğunun nümunəsidir”.  

Sonda Ramiz Yunus Fransa diplomatiyasının atası sayılan Şarl Moris Taleyranın məşhur fikrini xatırladıb:

“Bu, cinayətdən də betərdir, bu, səhvdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər