Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı?
Ermənistanın Baş naziri Nikol Paşinyan gərginləşən vəziyyətin qarşısını Bakı ilə birgə aldıqlarını bildirib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibinə Hikmət Hacıyevlə təmas yaratmağı tapşırıb və üstüörtülü şəkildə təxribat və ya sui-qəsd planlarından danışaraq xəbərdarlıq edib.
Paşinyan Təhlükə dedikdə hansı qüvvələri nəzərdə tutur?
Paşinyanın əsas hədəfi daxili müxalifətdir. Robert Köçəryan və Serj Sarkisyan tərəfdarları, “Ermənistan Naminə” bloku, radikal millətçi qruplar və Rusiya yönümlü dairələr. O, bu qüvvələrin müharibə ritorikası ilə sülh prosesini pozmağa və seçki nəticələrindən istifadə edərək gərginliyi artırmağa çalışdıqlarını işarə edir.
Xarici planda isə Rusiyanın təsiri və regional oyunlar xüsusilə İran faktoru və Zəngəzur dəhlizi ətrafındakı gərginlik də nəzərdə tutulur, lakin əsas diqqət daxili radikal qüvvələrə yönəlib.
Bəs həqiqətən də təxribat planı varmı?
Bu, daxili siyasi manevrdir. Paşinyan eyni açıqlama ilə iki fərqli auditoriyaya mesaj göndərir:
Daxili auditoriyaya müxalifəti “müharibə istəyən təxribatçı” kimi təqdim edir.
Bakıya isə “Mən sülh tərəfdarıyam və gərginliyin qarşısını almaq üçün sizinlə əməkdaşlıq edirəm” mesajı verir.
Doğrudur müəyyən gərginlik mövcuddur və bu gərginlik nəzarət altındadır. Paşinyan bu vəziyyətdən özünü “sülhü qoruyan lider” kimi göstərmək üçün yararlanır. Nəticədə, onun bu açıqlaması həm daxili siyasətdə mövqelərini möhkəmləndirmək, həm də Azərbaycanla münasibətlərdə konstruktiv imic yaratmaq məqsədi daşıyır.
Jalə Rövşən