Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü
1980–1988-ci illərdə cərəyan edən İran–İraq müharibəsi XX əsrin ikinci yarısının ən qanlı və uzunsürən dövlətlərarası münaqişələrindən biri sayılır.
1980-ci il sentyabrın 22-də Səddam Hüseynin əmri ilə İraq qoşunları İranın cənub-qərbindəki Xuzistan istiqamətində hücuma keçdi; səkkiz il davam edən müharibə heç bir tərəfin qəti qələbəsi olmadan, lakin nəhəng insan itkiləri ilə başa çatdı.
Ölənlərin ümumi sayına dair rəqəmlər 500 min nəfərdən 1–2 milyon nəfərədək dəyişir. Bu böyük miqyaslı itkilərin arxasında yalnız hərbi əməliyyatların maştabı dayanmırdı.

Hər iki savaşın xarakterində soydaşlarımızdan amansız istifadə ön plana çıxırdı.
Müharibənin az öyrənilmiş tərəflərinin təhlilində görə bilərik ki, hər iki dövlətin sərhədyanı bölgələrində yaşayan etnik azlıqların - İran tərəfində Cənubi Azərbaycan türklərinin, İraq tərəfində isə türkmanların qeyri-mütənasib şəkildə iki mənasız ideoloji xətt üçün qurban seçilmələri ürəkdağrıdıcı faktlardandır.
İranın etnik siyasəti və Cənubi Azərbaycan türkləri
Cənubi Azərbaycan türkləri İranın ən böyük qeyri-fars etnik qrupudur. Müxtəlif hesablamalara görə ölkə əhalisinin 30 faizdən çoxunu təşkil edirlər.
Əsasən şiə məzhəbinə mənsub olan bu icma tarixən İranın siyasi mərkəzinə coğrafi və dini yaxınlığı səbəbindən dövlətlə mürəkkəb, lakin nisbətən inteqrasiya edərək xüsusi münasibətdə olmuşdur.
Bununla belə, 1925-ci ildə Rza şah Pəhləvinin hakimiyyətə gəlişindən sonra tətbiq edilən sistemli farslaşdırma (assimilyasiya) siyasəti, ana dilində təhsilin qadağan olunması, iqtisadi ayrı-seçkilik və məcburi miqrasiyaya təkan verən addımlar haqda xeyli məlumatlar mövcuddur.
Müharibə dövründə İran ordusu, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu və “Bəsic” könüllü qüvvələri, geniş miqyaslı “insanı yem kimi qurban etmək” taktikasından istifadə edirdi.
Mənbələr göstərir ki, İranın bu hücumlarında çox vaxt təlimsiz və zəif silahlanmış çağırışçıları, bəzən küçələrdən toplanmış yeniyetmələri belə minalanmış sahələrə və İraqın üstün gücünə qarşı göndərdiyini qeyd edilir.

Hava və raket zərbələri isə ən çox İranın qərb və şimal-qərb şəhərlərinə, yəni azərbaycanlıların sıx yaşadığı Təbriz və ətraf bölgələrə ziyan vururdu.
İran rejimi azərbaycanlı çağırışçıları planlı şəkildə ön cəbhəyə, yəni ən yüksək itki ehtimalı olan istiqamətlərə yönəldərək ölümlərinə yol açır, assimilyasiya siyasətinin “demoqrafik” davamı kimi türk əhalisini seyrəltməyə çalışırdı.
İraqda türkmanlar və Bəəs rejiminin siyasəti
1957-ci il siyahıyaalınmasına görə Bəəs rejimindən əvvəlki son etibarlı sayım göstərir ki, İraqda təxminən 567 min türkman qeydə alınmışdı və onlar ərəb və kürdlərdən sonra üçüncü böyük icma idi.
Səddam Hüseyn dövründə (1968–2003) türkmanlar sistemli təzyiqə, mədəni və siyasi hüquqlardan məhrumetməyə, xüsusən də Kərkükün “ərəbləşdirilməsi” siyasətinə məruz qaldılar.
Bu siyasət məhz İran–İraq müharibəsi illərində, kürd müqavimətinin qırılması bəhanəsi ilə daha da gücləndirildi.
Beynəlxalq hüquq təşkilatlarının (məsələn, Minority Rights Group) hesabatlarına görə, Bəəs rejimi türkmanları orduda və Kərkük neft sənayesində yüksək vəzifələrdən sistemli şəkildə uzaqlaşdırır, təmizləmələr aparır və bir çoxlarını sıradan çıxarırdı.
Yəni rejimin etnik siyasəti həm də türkmanları strateji mövqelərdən “çıxarmaq” istiqamətində idi.
Eyni zamanda al-Ənfal kampaniyası çərçivəsində (Al-Ənfal kampaniyası 1986–1989-cu illərdə (əsasən 1988-ci ildə) Səddam Hüseynin rəhbərlik etdiyi İraqın Bəəs rejimi tərəfindən ölkənin şimalındakı kürd əhalisinə və digər etnik azlıqlara qarşı törədilmiş soyqırım aktıdır.
Kampaniyanın adı adını Qurani-Kərimin 8-ci surəsi olan və "müharibə qənimətləri" mənasına gələn Əl-Ənfal surəsindən götürülmüşdür. İraq rejimi bu dini termindən kürdlərə və digər etnik xalqlara qarşı apardığı hərbi əməliyyatları qanuniləşdirmək və talanları "halal" göstərmək üçün kod adı kimi istifadə etmişdir).
Müharibə illərində minlərlə kənd dağıdıldı və türkmanlar da bu köçürülmə və repressiyalardan zərər çəkdi.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı