“Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib
“Qalatasaray” prezidenti Dursun Özbekin “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakovun transferinə münasibəti açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Fanatik” nəşri məlumat yayıb.
Bildirilir ki, məhz Özbek Batrakovun transferinin həyata keçirilməsində israr edib. Klub prezidenti rusiyalı futbolçunun potensialına böyük inam bəsləyir.
İddialara əsasən, Özbek yaxın çevrəsinə belə deyib:
“Qısa siyahımızda ilk sırada olan futbolçunu transfer edirik. Məşqçimiz də onu çox bəyəndi. Hamı necə yüksək səviyyəli futbolçu transfer etdiyimizi görəcək”.
Daha əvvəl Türkiyə mediasında yer alan məlumatlarda Batrakovun avqustun 18-də İstanbula gedərək tibbi müayinədən keçəcəyi və “Qalatasaray”la müqavilə imzalayacağı bildirilmişdi. Mənbələr transfer məbləğinin 25 milyon avro təşkil edəcəyini iddia edirdi.
Lakin sonradan məlum olub ki, Aleksey Batrakov hələ də “Lokomotiv”in düşərgəsindədir.
Namiq HUN