İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş...

İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş...
02.07.2026 14:52

2 İyul Ümumdünya İdman Jurnalistləri Günüdür. Bu gün, idmanın həyəcanını, pərdəarxası çətinliklərini, qələbə və məğlubiyyətləri obyektiv şəkildə milyonlara çatdıranların peşə bayramıdır.

Əlamətdar gün münasibətilə idman jurnalistləri TodayPress TV-yə fikirlərini bölüşüblər. 

Onlardan biri olan Kənan Məstəliyev deyib ki, idman jurnalistikası çox maraqlı peşədir. Bu peşədə hər gün fərqli və maraqlı keçir. 


"Müxtəlif idman yarışlarını izləyir, peşənizlə əlaqədar səyahətlər edirsiniz. Fərqli ölkələri gəzmək, onların mədəniyyətlərini yaxından tanımaq imkanı qazanırsınız. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq yarışlarda müxtəlif ölkələrin nümayəndələri ilə tanış olur, onlarla ünsiyyət qurur və dünyagörüşünüzü zənginləşdirirsiniz. Bundan əlavə, hər kəsin asanlıqla ünsiyyət qura bilmədiyi ulduz idmançılar, tanınmış məşqçilər və idman xadimləri ilə birbaşa görüşmək imkanı əldə edirsiniz. Onlardan müsahibələr götürür, onları daha yaxından tanıyır və bəzən dostluq münasibətləri də qurursunuz".

O əlavə edib ki, burada heç bir gün digərinə bənzəmir. Hər gün yeni hadisələr baş verir, bəzən isə bütün xəbərləri vaxtında çatdırmaq belə mümkün olmur:

"Bu peşə həm zövqlü, həm də dinamikdir. Düzdür, idman jurnalistikası çətin sahədir. Burada həftəsonu anlayışı demək olar ki, yoxdur. Əksinə, yarışların əksəriyyəti şənbə və bazar günləri keçirildiyi üçün məhz həmin günlər daha çox işləməli olursunuz. Demək olar ki, həftənin yeddi günü, günün 24 saatı onlayn olmaq, xəbərləri izləmək, paylaşmaq və daim iş başında olmaq lazımdır. Bu, yorucu və məsuliyyətli işdir, amma eyni zamanda çox maraqlıdır".

Kənan Məstəliyev bu sahəyə yönəlmək istəyən gənclərə öz tövsiyələrini verib:

"Əgər gənclərimiz rəngarəng həyat yaşamaq, zəngin təcrübə qazanmaq və jurnalistikanın ən dinamik sahələrindən birində çalışmaq istəyirlərsə, onları idman jurnalistikasına dəvət edirəm. Ancaq bunun bir şərti var: insan öz peşəsini sevməlidir. Əgər peşənizi sevəcək, həvəslə çalışacaq və daim öyrənməyə açıq olacaqsınızsa, bu sahədə çox tez inkişaf edə və böyük uğurlar qazana bilərsiniz. Ola bilər ki, fəaliyyətə başladığınız zaman hər hansı idman növünü yaxşı bilməyəsiniz və ya onun mütəxəssisi olmayasınız. Amma öyrənmək istəyiniz, həvəsiniz və əzminiz güclü olarsa, qısa müddətdə peşəkar səviyyəyə yüksələ bilərsiniz".

Reportyor və idman müxbiri Nazilə Əhmədova TodayPress TV-yə maraqlı təəssüratlarını bölüşüb:


"İdman jurnalistikası elə bir sahədir ki, bəzən haqqında yazdığınız mövzunun birbaşa azarkeşinə çevrilirsiniz. Arenada qapı ilə üz-üzə qalan futbolçu qədər, ippon qazanan cüdoçu qədər, finiş xəttinə yaxınlaşan atlet qədər həyəcan keçirirsiniz. İdman jurnalistikasını jurnalistikanın digər sahələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz emosiyadır. Təsəvvür edin, güləş üzrə Avropa çempionatındasınız və bir neçə dəqiqə əvvəl çempionluğa yüksələn idmançının ilk təəssüratlarını operativ şəkildə, olduğu kimi tamaşaçılara çatdırmaq sizin məsuliyyətinizdir".

O, bu sahəyə gəlmək istəyən gənclərin çox olduğunu vurğulayıb:

"Amma idman jurnalistikası ən azı hər hansı bir idman növü qədər bu peşənin də fanatı olmağı tələb edir. Əgər bu sahəyə sevginiz varsa, gecəyarısına qədər stadionlarda və arenalarda çalışmaq, istənilən şəraitdə peşə borcunuzu yerinə yetirmək sizin üçün çətin olmayacaq. İdman jurnalistikası jurnalistikanın ən rəngarəng sahələrindən biridir. Qoy bu sahənin rəngləri hər zaman canlı qalsın!".

Digər müsahibimiz idman eksperti Aslan Kərimov isə bildirib ki, idman təkcə meydançada keçirilən bir oyun deyil. Onun sözlərinə görə, xüsusilə də futbolu milyonlara sevdirən təkcə oyunun özü yox, onun arxasında dayanan hadisələr, hekayələr və emosiyalardır:


"Bu hadisələri obyektiv şəkildə insanlara çatdıran, qələbələri, məğlubiyyətləri və onların arxasında duran səbəbləri işıqlandıran bütün idman jurnalistlərini peşə bayramları münasibətilə təbrik edir, onlara obyektivlik, peşəkarlıq və uğurlar arzulayıram. Mənim əsas motivasiyam biliyimi və təcrübəmi futbol ictimaiyyəti ilə bölüşməkdir. Futbolun görünməyən tərəfləri, pərdəarxasında baş verən proseslər haqqında insanlara məlumat vermək istəyirəm. Çünki sıravi azarkeşlər adətən yalnız meydanda baş verənləri görürlər. Halbuki onların görmədiyi çox mühüm məqamlar, çətinliklər və qərarlar var. Məhz bu pərdəarxasını göstərmək və insanlara çatdırmaq mənim ən böyük motivasiyalarımdan biridir". 

Mütəxəssis vurğulayıb ki, futbol daim inkişaf edən və yenilənən bir sahədir. Yeni tendensiyaları, taktiki dəyişiklikləri və futbolda baş verən yenilikləri operativ şəkildə azarkeşlərə çatdırmaq da onun üçün böyük motivasiya mənbəyidir.

"Gənclərə tövsiyəm odur ki, idman jurnalistikası ilə məşğul olmaq istəyirlərsə, ilk növbədə yazacaqları və ya işıqlandıracaqları idman növünü dərindən öyrənsinlər. Təkcə oyunu izləmək kifayət etmir. Oyunu anlamaq, təhlil etmək, detallarına bələd olmaq və daim öz üzərində işləmək lazımdır. Bundan başqa, xarici dilləri bilmək də çox vacibdir. Çünki yalnız Azərbaycan gündəmi ilə məhdudlaşmaq olmaz. Xüsusilə ingilis dilini bilmək dünyada baş verən yenilikləri, beynəlxalq trendləri, idman xəbərlərini və müxtəlif mənbələrdən informasiyaları operativ şəkildə izləməyə imkan yaradır".

Ekspert bu peşə sahiblərini səbrli olmağa çağırıb. O vurğulayıb ki, peşəkarlıq bir gündə formalaşmır, zamanla qazanılır:

"İnsan nə qədər intizamlı, əzmkar və çalışqan olsa, bir o qədər yüksək səviyyəyə çata bilər. Sonda bir məqamı da qeyd etmək istərdim. İdmançılara qarşı bir qədər empatiya ilə yanaşmaq lazımdır. Onların pərdəarxasında yaşadıqları çətinlikləri, keçdikləri yolu bilmədən şəxsi həyatları və ya xarakterləri haqqında qəti fikirlər söyləmək düzgün deyil. Əgər jurnalist idmançıya anlayışla yanaşarsa, onun etimadını qazana və daha səmimi, daha maraqlı söhbətlər edə bilər", - deyə Aslan Kərimov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... — 1
XƏBƏR LENTİ
02 IYUL 2026
Seboreik dermatit: Əlamətlər hansılardır və necə nəzarətdə saxlamaq olar? 15:22 Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN 16:23 Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər 13:43 100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə 13:32 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Onlar da şəhid oldular – Azərbaycan polisi 108 yaşında 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Bütün Xəbərlər