Elxan Səmədov yenidən PFL prezidenti seçildi
Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.
TodayPress TV xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub.
Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
* Elxan Səmədov – PFL prezidenti
* Məlik Həsənov – İdman işləri üzrə müşavir
* Aslan Şahgəldiyev – Vitse-prezident
* Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
* Elgiz Abbasov – Texniki-idman direktoru
* Sənan Abdullayev – Media və marketinq direktoru
Namiq HUN