Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı
“Mercedes” Corc Rassellin “Formula-1” üzrə Macarıstan Qran-prisində uğursuz startının səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Mercedes” komandasının rəhbər müavini Bredli Lord Corc Rassellin yarışın startında yaşadığı problemlə bağlı danışıb.
Onun sözlərinə görə, start zamanı britaniyalı pilotun avtomobilində mühərrikin sönməsinin qarşısını alan “anti-stall” sistemi işə düşüb və bu səbəbdən Rassell pelotonun sonuna geriləyib.
Bredli Lord bildirib ki, startdan əvvəl pilotlar mühərrikin dövrlərini müəyyən səviyyədə saxlayırlar. Lakin Rassellin avtomobilində mühərrik dövrləri qaz pedalına verilən komandaya uyğun olmayan şəkildə artıb.
Nəticədə dövrlər kritik həddə çatıb və pilot vəziyyəti nəzarətə götürməyə çalışıb. Lakin bu cəhd uğursuz alınıb. Rassell qazı 10 faizə endirdiyi anda start işıqları sönüb və “anti-stall” sistemi aktivləşərək onun uğursuz start etməsinə səbəb olub.
Namiq HUN