Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi - YENİLƏNDİ
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Füzulidə baş verən yanğının söndürülməsinə 3 rayondan əlavə qüvvə cəlb edilib.
Belə ki, hadisə yerinə FHN-in Xocavənd, İmişli və Beyləqan rayonlarından yanğınsöndürən avtomobil və şəxsi heyət göndərilib.
Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, ərazinin minalı olması yanğınsöndürmə əməliyyatlarına təsir edir.