Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı!
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə təmasda olmağı mən tapşırmışam”.
TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Qriqoryanla Hacıyev arasında Dilicanda keçirilən görüş barədə jurnalistlərə danışarkən deyib.
“İkincisi, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyəti gərginləşdirə biləcək müəyyən tendensiyalar gördük, buna görə də, biz də zəruri olduğu üçün vəziyyəti idarə etməklə məşğuluq”, – Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, onlar heç kimə heç bir izahat vermirlər: “Digər tərəfdən, dünyanın bütün ölkələri ilə əsas diplomatik iş məhz bununla bağlıdır: tərəflər öz mövqelərini və narahatlıqlarını aydınlaşdırırlar”.
Baş nazir görüşdə sərhəd və onlarla başqa məsələnin müzakirə olunduğunu da söyləyib:
“Əslində, dünən parlamentdə bu məsələ ətraflı müzakirə olunub və əlavə edəcək bir şey yoxdur. Vacib görüş idi və onun regiondan kənarda deyil, Ermənistanda baş tutması vacibdir. Bu o deməkdir ki, biz sülh prosesində irəliləyirik, bütün mümkün riskləri idarə edirik”.
O vurğulayıb ki, onlar daxili siyasi həyatı heç kimlə müzakirə etmirlər: “Amma digər tərəfdən, biz seçkilərin siyasi nəticələrini və seçkilərdən irəli gələn strategiyaları istisnasız olaraq bütün dünya, o cümlədən bütün beynəlxalq tərəfdaşlarla bölüşürük”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı dünən Dilican görüşü ilə bağlı bunları söyləmişdi:
“Ermənistanda “Qarabağ hərəkatı”nı davam etdirməməlidir. Ölkəmizin parlamentində həmin (ləğv edilmiş separatçı rejimin) bayrağının olması müharibə təhlükəsi deməkdir. Son görüş məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb.
Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən “kim gələcək, hara gələcək, nə vaxt gələcək” kimi məsələlər uzun vaxt aparırdı. Amma bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi”.
Paşinyan bu formatda görüşün ilk dəfə Ermənistanda keçirildiyini, növbəti görüşün Azərbaycanda baş tutacağını da açıqlamışdı: “Ermənistan və Azərbaycanın bununla sülh gündəliyinə sadiqliklərini bir daha təsdiqləməsi çox vacibdir”.