Erməniləri dəhşətə salan komandir: Allahverdi Bağırovun ölüm anında ratsiya ilə anons keçdilər...

Erməniləri dəhşətə salan komandir: Allahverdi Bağırovun ölüm anında ratsiya ilə anons keçdilər...
12.06.2026 12:39

Bəzi insanlar var ki, onların taleyi bütöv bir xalqın, şəhərin taleyi ilə düyünlənir. Onlar gedəndə sanki dirək sınır. 1990-cı illərin əvvəllərində Ağdam üçün, Qarabağ üçün məhz belə bir dayaq var idi: Allahverdi Bağırov...

Bu gün onun vəfatından 34 il keçir.


22 aprel 1946-cı ildə Ağdamda anadan olan Allahverdi, yaşıl meydanların kapitanı, "Qarabağ" futbol klubunun həm də baş məşqçisi idi. Erməni hücumlarının gün keçdikcə artdığı o çətin vaxtlarda Ağdamın "Qarabağ" klubunun futbolçuları sanki məhcub idilər. Cəbhədə qan töküldüyü bir vaxtda futbol oynamaqdan utanırdılar. Bir gün hamısı toplanıb komandana – Milli Qəhrəman Asif Məhərrəmova (Fred Asif) yaxınlaşdılar: “Biz artıq futbol oynamaq deyil, cəbhədə olmaq istəyirik”.


Amma Fred Asifdən aldıqları o cavabı bir də unutmayacaqdılar:

“Mən istəsəm 100 dənə savaşan adam tapa bilərəm, ancaq 11 futbolçunu tapıb meydana çıxara bilmərəm. Siz gedin futbolunuzu oynayın, xalq görsün ki, burada yaşayış var”.

Futbolçular yaşayışın rəmzi olaraq meydanda qaldılar, onların keçmiş baş məşqçisi Allahverdi Bağırov isə birdəfəlik cəbhəyə yollandı. 1991-ci ildə o, çiynində ağır bir yük daşımalı oldu, qardaşı Eldar Bağırov şəhid edildi. Bacısı Almaz xanım qardaşının bu itkidən sonra necə dəyişdiyini ürək ağrısı ilə belə xatırlayırdı:

“Eldardan sonra Allahverdinin şaqraq səsi, gülər üzü getdi. Bütün varlığı ilə savaşa getdi”.


Qardaşının ölümündən sonra Allahverdi bir daha saqqalını kəsmədi... O, qisas hissi və vətən ağrısı ilə alışıb yanan bütöv bir orduya çevrilmişdi. Elə qəhrəmanın özünün də videoxatirələrində dediyi kimi:

“Ermənilər hədlərini aşdılar. 40 günlük körpəni açıb qarın üstünə qoydular... Onların qorxusu o qədər çox idi ki, 100 əsgərlərinə 3 əsgərim bəs idi. Mən istərdim ki, belə günlər bir də olmasın”.


"Fəryad" filminin gizli qalan səhifəsi: Qisas

Tarixçi Zaur Əliyev TodayPress TV-yə açıqlamasında əfsanəvi komandirin XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı göstərdiyi misilsiz, həm də gizli qalan xidmətlərindən danışır. 1992-ci ilin 27 fevralı... Xocalı-Ağdam istiqamətində şəhidlərin meyitlərini daşıyan əsgərlər zorlanmış və başı daşla əzilmiş körpə bir qızın cəsədini helikopterə qoyanda Allahverdi Bağırov uşağın darmadağın edilmiş üzünə baxır, göz yaşlarını silir və ratsiyanı əlinə alır. Qarşı tərəfdə Əsgəran batalyonunun komandiri, çoxdan tanıdığı Vitali Balasanyanı yığır:

“Sənə bir muzdlu və bir dinc sakini geri qaytaracam. Üstündə də 10 kanistr benzin. Sadəcə, bu uşağı zorlayanın adını və yerini mənə de”.

Balasanyan Allahverdinin xasiyyətinə bələd idi. Bilirdi ki, əgər o canini verməsə, komandir qarşısına çıxan onlarla erməni əsgərini məhv edəcək. Erməni əsgərinin Qaraqayanın yanındakı postda olduğunu deyir. Allahverdi təkbaşına həmin posta gedir və körpə qızı o hala salan vəhşini şəxsən güllələyir... Sonradan bu hadisəni eşidən mərhum sənətkarımız Ceyhun Mirzəyev məhz həmin real səhnəni unudulmaz "Fəryad" filmində canlandırır.

Xocalının xilaskarı: "Meyitlər yanmasın deyə..."

Əgər bu gün dünya Xocalı vəhşiliyini kadr-kadr görüb qəbul edirsə, bunun arxasında da Allahverdi Bağırovun cəsarəti dayanır. Onun şəxsi təşəbbüsü ilə teleoperator Seyidağa Mövsümlü həmin dəhşətləri lentə köçürə bildi. Çingiz Mustafayevin Xocalıda o tarixi çəkilişləri apara bilməsi üçün də hər bir şəraiti məhz Allahverdi yaratmışdı.

O, ermənilərin vermək istəmədiyi Milli Qəhrəman Əlif Hacıyevin meyitini nələr bahasına olursa-olsun geri gətirdi ermənilər qəhrəmanın nəşrinə benzin töküb yandırmasınlar deyə, bir meyit üçün qarşı tərəfə 10-dan çox diri erməni əsir verdi. Xəlil Rza Ulutürkün şəhid oğlu Təbriz Xəlilbəylinin nəşi Xoranmurdda erməni tərəfdə qalanda da irəli tək atılan yenə o idi.

Xocalıdan olan əsir qadınların ayaqları donmasın deyə, qarın içində öz ayaqqabılarını çıxarıb onlara verən, əsgərləri ilə birlikdə Ağdama qədər qarın üstündə yalınayaq gələn bir komandir fenomeni idi Allahverdi...


On günlərlə Ağdam məscidində meyit gözləyən çarəsiz insanlara kömək əlini tək o uzadırdı. Don vurmuş, eybəcər hala salınmış yüzlərlə meyitin tapılması, gətirilməsi, dəfn olunması, əsirlərin yerləşdirilməsi — hamısını öz şəxsi vəsaiti hesabına edirdi. Ağdam məscidində doğmaları o dəhşətli işgəncə izlərini görüb ürəkləri partlamasın deyə, meyitləri şəxsən yuyub kəfənləyirdilər.

Bacısı Almaz Bağırova həmin günləri belə xatırlayırdı:

“Günlərlə Allahverdini görmədik. Bir gün evə gələndə dedi ki, “Baş verənlər o qədər dəhşətdir ki, işıq görmək istəmirəm. Bu erməni nə imiş, biz bilməmişik”.

"Oğurluğa yox, torpaq almağa gedirik!"

Allahverdi yeganə komandir idi ki, döyüşdə həmişə ən qabaqda gedirdi. Amma həm də amansız dərəcədə tələbkar idi. Bir dəfə kəndi azad edəndə batalyonuna dönüb belə demişdi: "Birdən kimsə kənddə əhalini qarət edər... Doğma oğlum da olsa, buradaca güllələyəcəm! Biz oğurluğa getmirik, torpaq almağa gedirik!"

Böyük sərkərdə 34 il öncə bu gün — 1992-ci il iyun ayının 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd və Pircamal kəndlərini düşməndən təmizlədi. İnanırdı ki, bu templə Xankəndinə qədər gedəcək. Lakin elə həmin gün, postları yoxlayıb geri dönərkən, içində olduğu maşın sürücü ilə birlikdə minaya düşdü...


Bacısı Almaz xanım komandirin son anlarını göz yaşları ilə belə anırdı: qardaşı Eldar şəhid olandan sonra yuxusunda bir xof görən bacı İcra Hakimiyyətinə qaçıb qardaşını haraylamışdı. Allahverdi gələndə "Gəl bir qurban kəsək, getmə döyüşə" desə də, o: "Dəli olmusan? İndi hücumdur, gedirəm", - demişdi və ömründə heç vaxt duyğularını büruzə verməyən o sərt adam, ilk dəfə əyilərək bacısının başından öpmüş, "Uşaqlarımı bir yerə yığarsan" deyib maşına qaçmışdı. Axşam isə tabutu gəldi... Dağ kimi komandir tabuta sığmırdı...

"Grad" altındakı möhtəşəm sükut

Allahverdi Bağırov döyüşdə həlak olan anlarda "İmarət" stadionunda "Qarabağ" klubunun oyunu keçirilirdi. Ölüm xəbəri stadiona çatanda bütün futbolçuları ağlamaq tutdu. Hakimin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən, ermənilər stadiona "Qrad" mərmisi atdılar. Mərmi birbaşa stadiona düşdü... Amma tarixin yaddaşına həkk olunacaq o möhtəşəm an yaşandı: futbolçulardan heç biri yerindən belə tərpənmədi, sükutu pozmadı...

Komandir şəhid olan kimi ermənilər ratsiyadan azərbaycanlılara istehza ilə anons keçirdilər: "Allahverdi öldü, görək sizi indi kim qoruyacaq?"


Düşmən də bilirdi ki, Allahverdi daxil olanda bütöv bir Qarabağın müdafiəsi demək idi. O düşəndə, Qarabağın da taleyinin qara gələcəyi bəlli olmuşdu. Ağdam onun gedişinə çox dayana bilmədi. Cəmi bir il sonra şəhər işğal olundu. Qarabağın da, Ağdamın da qara günləri məhz elə həmin gün — o böyük kapitanın, əfsanəvi komandirin gedişi ilə başladı...

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər