Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş
İtaliyada turistlərə eramızın 393-cü ilinə aid qədim Roma teatrı kimi təqdim edilən tikilinin əslində müasir dövrdə yaradılmış saxta abidə olduğu müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Franco Malosso adlı italiyalı təpənin yamacını hamarlayaraq daş pillələr, sütunlar və heykəllərlə bəzədilmiş saxta teatr inşa edib. O, Arkunyanoya yaxın ərazidə yerləşən tikilini qədim amfiteatr kimi təqdim edərək turistlərə ekskursiyalar təşkil edib.
Malosso turistlərə tikilinin 393-cü ildə inşa edildiyini, hətta Yuli Sezarın Kleopatra ilə birlikdə buranı ziyarət etdiyini deyib. O, ərazidəki qədim kilsədə “Cülyetta Kapuleti”nin yaşadığını da iddia edib. Halbuki Cülyetta Şekspirin “Romeo və Cülyetta” əsərinin uydurma personajıdır.
Araşdırmalar zamanı tikilidə beton sütunlardan, şüşə lifindən, papye-maşedən və müasir tikinti materiallarından istifadə edildiyi müəyyənləşib. Müasir heykəllər isə xüsusi üsullarla köhnəldilərək qədim görünüşə salınıb.
Peyk görüntülərinin müqayisəsi də təpənin yamacının sonradan hamarlanaraq tikilinin məhz burada inşa edildiyini göstərib. Sürüşmənin ərazidə qədim tikili üzə çıxarmasına dair heç bir sübut tapılmayıb.
Məhkəmə Malossonu sənət əsərlərinin saxtalaşdırılması və qanunsuz tikinti işlərinə görə təqsirli bilib. Apellyasiya cəhdlərinə baxmayaraq, onun 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə qalıb.
Maraqlıdır ki, saxta tikili hələ də sökülməyib və 2016-cı ildən məhkəmə qadağası altındadır.
Kübra Musayeva