Alimlərdən xəbərdarlıq: Amazon meşələri karbon udma qabiliyyətini itirə bilər
Alimlər bildirirlər ki, Cənubi Amerikanın tropik meşələri, o cümlədən Amazon yağış meşələri, artan istilər və quraqlıq səbəbindən atmosferdən karbon qazını əvvəlki kimi uda bilməyə bilər.
TodayPress TV xəbər verir ki, "Nature Climate Change" jurnalında dərc olunan araşdırmaya görə, Amazon meşələri hazırda təxminən 123 milyard ton karbon saxlayır və iqlim dəyişikliyinin təsirlərini azaltmaqda mühüm rol oynayır.
Tədqiqat göstərib ki, güclü "El Nino" hadisələri zamanı ağaclar su itkisinin qarşısını almaq üçün yarpaq məsamələrini bağlayır. Nəticədə fotosintez zəifləyir, karbonun udulması azalır və ağacların quruyaraq məhv olma riski artır.
Araşdırma çərçivəsində Cənubi Amerikanın altı ölkəsində 30 il ərzində 500 mindən çox ağacın vəziyyəti təhlil edilib. Məlum olub ki, Amazonun daha isti və quraq bölgələrində yerləşən meşələr iqlim dəyişikliklərinə qarşı daha həssasdır.
Alimlər qeyd edirlər ki, 2015–2016-cı illərdə baş verən güclü "El Nino" zamanı bəzi tropik meşələr karbonu demək olar ki, ümumiyyətlə udmayıb. Xüsusilə iri ağacların məhv olması xeyli artıb.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, istiləşmənin davam etməsi, daha tez-tez baş verən "El Nino" hadisələri və quraqlığın təsirləri gələcəkdə meşələrin karbon udmaq əvəzinə onu atmosferə buraxmasına səbəb ola bilər. Bu isə qlobal iqlim dəyişikliyi ilə mübarizəni daha da çətinləşdirə bilər.
Türkan İsgəndərli