Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
01.12.2025 20:10 Hadisə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 1-də davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Səbuhi Tağıyevin hüquqi varisi Sərdar Tağıyev qardaşının Laçında düşmən atəşi nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Zəka Vəliyev qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Allahverdi Səfiyev və Elnur Kərimov həlak olub, o və Rəsul Ağayev isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Vahid Alcanov bildirib ki, düşmənin genişmiqyaslı təxribatı nəticəsində Laçın rayonu ərazisinə atılan minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, o və daha bir neçə şəxs yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Elgün İsmayılov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən avtomat silahlardan açılan atəşlər nəticəsində o və Səfər Hüseynquliyev xəsarət alıblar.

Zərərçəkən Bəxtiyar Hüseynov bildirib ki, Kəlbəcər rayonu istiqamətində düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Təxribat zamanı ondan başqa yaralananlar da olub.

Zərərçəkmiş Nüsrət Orucov qeyd edib ki, Kəlbəcərdə düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığına düşüb partlaması nəticəsində çiynindən yaralanıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Cavid Xosiyev bildirib ki, Ağdam-Xocalı istiqamətində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Cavad Quliyev müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Nihad Seyidzadə vurğulayıb ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Murad Hüseynov və Rəvan Ağazadə müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Bəylər Kərimov ifadəsində Ağdam-Xocalı istiqamətində düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Bütün Xəbərlər