Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum
İrana qarşı dəniz blokadası Tehran Vaşinqtonla saziş bağlayana və ya kapitulyasiya edənə qədər davam edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Lider bildirib ki, İran rəhbərliyi "inanılmaz ikiüzlülük" nümayiş etdirir, çünki ABŞ ilə danışıqlardan imtina barədə açıq bəyanatlarına baxmayaraq, Tehran görüşlərin keçirilməsinə cəhd göstərir və Amerika tərəfi ilə əlaqə saxlayır.
"Onlar görüş xahiş edirlər... Danışıqlar başlayır, yaxın vaxtlarda yeni görüşlər planlaşdırılır, lakin eyni zamanda onlar heç bir müzakirə aparmadıqlarını və yalnız Omanla təmasda olduqlarını açıq şəkildə və qürurla bəyan edirlər", - deyə Ağ Ev rəhbəri bəyan edib.
Tramp, həmçinin Tehranın Hörmüz boğazına nəzarət etməsi barədə bəyanatlarını təkzib edərək, boğazın tam olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edib.
"Biz istəməsək, İran heç nə əldə etməyəcək və bu, razılaşma əldə olunana və ya tam kapitulyasiyaya qədər belə davam edəcək".
Prezident əlavə edib ki, ABŞ İranın onilliklər ərzində yaratdığı problemin həllini müzakirə edir.
"Hər şey çox sadədir: İran heç vaxt nüvə silahı əldə etməyəcək", - deyə Amerika lideri fikrini yekunlaşdırıb.
Aysel Mətləb