Prezident İlham Əliyev Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
21.05.2025 11:16

Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.   

TodayPress TV xəbər verir ki, mətndə deyilir:   

"Hörmətli konfrans iştirakçıları! 

Sizi – “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən dost və qardaş Türkiyə Respublikasına böyük təşəkkürümü bildirirəm. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir.

Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır. 

Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə, Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır. 

Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır.

Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir. 

Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir.

Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır. 

2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir.

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.  Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir.

Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.  Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur.

Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır.

Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik. 

Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir.

Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. 

Hesab edirik ki, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir. 

İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır.  Sizə ən xoş diləklərimi çatdırır və konfransın işinə uğurlar arzulayıram.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər