Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi

Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi
13.07.2026 10:57

Fransanın daxili işlərinə qarışmırıq.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Azərbaycan Avropa Şurasına qəbul olunanda ölkəmizin nümayəndə heyətinin ilk rəhbəri mən olmuşam və Strasburqa getmişdim. Orada Avropa Şurasının rəhbərliyindən eşitdiyimiz ilk fikirlərdən biri belə idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab oluna bilməz. Biz bunu qəbul etdik və yaxşı tələbələr kimi öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə bərabərsizliyi və kolonial idarəçilik məsələlərini qaldıranda, təkcə bu təşkilat deyil, Azərbaycan hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz Fransanın daxili işlərinə qarışmırıq. Çünki insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu, məncə, bu mövzunu beynəlxalq gündəmə çıxaran ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər Fransanın dənizaşırı əraziləri, yəni faktiki müstəmləkələri ciddi təzyiqlər altında yaşayıb. Orada qanunsuz hərəkətlər, o cümlədən nüvə sınaqları keçirilib. Fransa Polineziyasında neçə nüvə sınağı aparılıb? Yüz, iki yüz, bəlkə də daha çox. Nəticədə çox sayda insan həyatını itirib, sağlamlığını itirib. Bakı Təşəbbüs Qrupu bu məsələləri qaldıranda isə əsassız şəkildə "hibrid müharibə" aparmaqda ittiham olunur. Bu tamamilə ədalətsiz yanaşmadır. Mən hesab edirəm ki, müstəqil medianın rolu burada son dərəcə vacibdir. Uzun illər Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə baş verən problemlərlə bağlı eşidilən zəif səslər susdurulurdu. Onlara təzyiq göstərilir, şantaj edilirdi. Mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər hətta saxlanılıblar. Onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıb. Bəziləri hətta həbs olunub. Bütün bunları edənlər isə dünyaya insan hüquqları və demokratiya dərsi keçməyə çalışırlar. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Azərbaycana hücum etmək istəyənlər bizi düzgün qiymətləndirmədilər. Amma bu məsələ Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən daha geniş məna daşıyır. Bir daha qeyd etmək istəyirəm ki, medianın rolu son dərəcə vacibdir. Media müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət göstərməlidir. Bu məsələ Fransa ilə münasibətlərimizdən ibarət deyil. Bəli, Fransanın Azərbaycanın suverenliyi ilə bağlı tutduğu mövqe münasibətlərimizə müəyyən mənada mənfi təsir göstərib. Fransada qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına yönəlmiş qərarlar qəbul olunub. Hətta hazırda Fransada mövcud olmayan həmin qondarma qurumun "nümayəndəliyi" fəaliyyət göstərir”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, lakin bunlar əsas məsələ deyil: “Söhbət beynəlxalq münasibətlərin fundamental prinsiplərindən gedir. XXI əsrdə sizdən 10 min kilometr uzaqda yerləşən əraziləri müstəmləkə kimi saxlamaq olmaz. Həmin ərazilərin insanları sizi istəmirlər. Onlar öz həyatlarını yaşamaq istəyirlər. Yeni Kaledoniyadan və digər ərazilərdən qat-qat kiçik dövlətlər bu gün müstəqildir. Onların BMT-də səsi, bayrağı və dövlətçiliyi var. Bəs niyə həmin xalqların bu hüququ olmasın? Mən hesab edirəm ki, bu məsələ həm dövlətlər, həm də vətəndaş cəmiyyəti üçün ciddi sınaqdır. Əgər dünyanın müxtəlif yerlərində Bakı Təşəbbüs Qrupu kimi daha çox təşkilat yaransa, onlar birlik yaradaraq bu məsələlərdə daha güclü mövqe nümayiş etdirə bilərlər. Belə bir koalisiya bu təzyiqlərin dayandırılması üçün daha təsirli fəaliyyət göstərə bilər. Söhbət təkcə Yeni Kaledoniyadan getmir. Hətta Avropanın özündə də belə nümunələr var. Məsələn, Korsikaya baxın. Avropanın mərkəzində yerləşən bu bölgənin insanları öz həyatlarını yaşamaq, dillərini qorumaq və milli kimliklərinə hörmət edilməsini istəyirlər. Onlar Fransanın ərazisini ələ keçirmək istəmirlər. Sadəcə, ata-baba torpaqlarında ləyaqətlə və kənar idarəçilik olmadan yaşamaq istəyirlər. Biz bu məsələyə xüsusilə həssasıq. Çünki özümüz də müstəmləkə həyatı yaşamışıq. XIX əsrdə müstəmləkəyə çevrildik. Daha sonra Sovet İttifaqının tərkibində formal respublika olmağımıza baxmayaraq, müstəqil deyildik. Bu səbəbdən müstəmləkəçiliyin nə olduğunu da, azadlığın dəyərini də yaxşı bilirik. Məsələn, XIX və XX əsrlərdəki Azərbaycanla bugünkü Azərbaycan arasında gecə ilə gündüz qədər fərq var. O dövrdə bizim yalnız sərvətlərimizi aparırdılar. Azərbaycandan milyard barel deyil, milyard ton neft çıxarılıb. Sovet İttifaqı dağılanda isə ölkəmiz nə təbii qazla, nə də elektrik enerjisi ilə təmin olunmuş vəziyyətdə idi. Bu günə qədər Bakının ətrafında neft hasilatı nəticəsində çirklənmiş ərazilərin təmizlənməsinə milyardlarla vəsait xərcləyirik. Son 30 ildən artıq müddətdə isə Azərbaycan, qeyd olunduğu kimi, artıq orta güc dövlətinə çevrilib. Bu, müstəqilliyin bizə qazandırdığı üstünlükdür”.

Prezident İlham Əliyevin sözlərinə görə, Sovet İttifaqı dağılanda Rusiyada bir çox analitiklər deyirdilər ki, bu respublikalar mərkəzsiz yaşaya bilməyəcək və məhv olacaqlar: “Amma nə baş verdi? Hamısı yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən zəif inkişaf edir. Lakin onların heç biri məhv olmadı. Məhz buna görə biz müstəqilliyi dəstəkləyirik. Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik. Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana qarşı istifadə edilir. Ümid edirəm ki, bu mesajlarım Parisdə də düzgün qəbul olunacaq. Çünki hazırda Fransa ilə münasibətlərin normallaşdırılması prosesindəyik. Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hücum deyil. Bu, iki suveren dövlət arasında normal işgüzar münasibətlərin bir hissəsidir. Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Amma öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır”.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 Bütün Xəbərlər