İsrailin qələbə görüntüsünün altında nə yatır? Sabiq rəsmidən sensasion açıqlama
İsrail Müdafiə Nazirliyinin keçmiş Hərbi-Siyasi Bürosunun rəhbəri Dror Şalom ölkənin hərbi uğurlar əldə etməsinə baxmayaraq, müharibədə “strateji uğursuzluğa” düçar olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Şalomun sözlərinə görə, İsrail qarşısına qoyduğu əsas məqsədlərə tam nail ola bilməyib. O qeyd edib ki, HƏMAS hələ də mövqelərini qoruyur, “Hizbullah” tərksilah edilməyib, İran isə İsrail üçün təhlükə olaraq qalır.
Keçmiş rəsmi diplomatiyaya daha çox üstünlük verilməsinin vacibliyini vurğulayıb. O, ABŞ Prezidenti Donald Trampın Qəzzanın bərpası ilə bağlı planının irəli aparılmasını, HƏMAS-a alternativ siyasi struktur yaradılmasını və Livanla “Hizbullah”ın tərksilahını nəzərdə tutan razılaşmanın əldə olunmasını təklif edib.
Şalom bildirib ki, israilli girovları daha əvvəl və daha çox sayda azad etmək mümkün idi. Onun fikrincə, bu prosesdə ABŞ-nin təzyiqi və İsrail daxilində keçirilən etiraz aksiyaları mühüm rol oynayıb.
Keçmiş məmur əlavə edib ki, yalnız hərbi güc kifayət etmir və İsrail beynəlxalq mövqelərini gücləndirmək üçün diplomatik vasitələrdən daha fəal istifadə etməlidir.
Kübra Musayeva