Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
01.08.2025 12:43 Daxili siyasət

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

TodayPress TV xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər