17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub.
TodayPress TV xəbər verir ki, çəkiliş aparmaq istəyən media qurumları hadisəni işıqlandırmaq məqsədilə əraziyə yollanıblar. Bu zaman toy sahibləri çəkilişə etiraz edərək televiziya əməkdaşlarına hücum edib, onlara qarşı zorakılıq tətbiq ediblər.
xxx
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.
TodayPress TV xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.
Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.