Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb

Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb
28.07.2026 12:28

Tabutlarla məcburi köçkün düşərgələrinə soxulan İran humanitar yardım adı ilə əhaliyə əslində arxalarındakı dövlətin Azərbaycan yox İran olması təbliğatını aparıblar.


Birinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin yerləşdiyi çadır düşərgələrində və digər zonalarda geniş humanitar yardım fəaliyyəti həyata keçirib. Məlumdur ki, bu yardım fəaliyyətləri siyasi, ideoloji və dini təbliğat məqsədilə reallaşdırılıb.

Bu fəaliyyətlərin əsas təşkilatçısı Tehranın ideoloji qolu hesab olunan İmam Xomeyni İmdad Komitəsi olub. Yoxsul ailələrə dəstək vermək məqsədilə 1979-cu ildə yaradılan bu komitə Pakistan, Somali, Əfqanıstan, Fələstin, Bosniya və Herseqovina, Kosovo, Çeçenistan, İraq, Tacikistan, Suriya, Livan və Azərbaycanda fəaliyyət göstərib. Diqqətlə fikir versək, İrandakı bu struktur məhz müsəlman ölkələrində humanitar fəaliyyət həyata keçirib və həmin ərazilərdə daha sonra İranın proksi qruplarının fəaliyyətə başlaması xarakterik hal alıb.


Xatırlatmaq lazımdır ki, İmam Xomeyni Yardım Fondu 2008-ci ilin dekabr ayında ehtiyacı olan 8 milyon insana yardım göstərdiyini, o cümlədən yoxsulluq həddindən aşağı yaşayan 1,5 milyon insana dəstək olduğunu və 843 min tələbə üçün təhsil yardımı ayırdığını bəyan etmişdi. Təbii ki, həmin tələbələrin də qarşısında hansı şərtlərin və ideoloji məqsədlərin durduğu bəllidir.

Şübhə yoxdur ki, İmam Xomeyni cəmiyyəti Azərbaycanda da olduqça geniş fəaliyyət göstərib. 1993-cü ilin sentyabr ayında Azərbaycana göndərilən humanitar yardımların üzərinə "İran İslam Respublikasının Qızıl Aypara (Hilali-Əhmər) yardımı müsəlman Azərbaycan millətinə" sözləri yazılmışdı. Yəni burada Azərbaycan millətinin məhz müsəlman olması faktı xüsusi olaraq vurğulanırdı ki, sonrakı dönəmlərdə bu ifadədən istifadə edilməsinin əsl məqsədi aydın şəkildə ortaya çıxdı.


Humanitar yardım adı altında, xüsusən də Qarabağ münaqişəsinin kəskin dövründə asılılıq yaratmaq üçün İmdat Komitəsi qaçqın şəhərciklərində və çadır düşərgələrində məskunlaşan aztəminatlı ailələrə ərzaq, geyim və pul yardımı paylayaraq əhali arasında rəğbət qazanmağa çalışıb. Maddi yardımlarla paralel olaraq, düşərgələrdə İranın teokratik rejiminin xəttinə uyğun şəkildə ciddi məzhəb təbliğatı aparıblar: dini ədəbiyyatlar paylayıb, teokratik idarəetmə modelini tərifləyən dərnəklər təşkil ediblər. Əsas məqsəd kimi yardım paylanılan məntəqələrdə və düşərgələrdə İranın dini liderləri Ayətullah Xomeyni və Əli Xameneyinin portretlərini yayıb, İslam inqilabının şüarlarını nümayiş etdiriblər. Təxminən 10 il ərzində bu dərnəklər öz fəaliyyətlərini daha da genişləndiriblər.

Hətta sonrakı dönəmlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olmuş Əli Həsənov 2014-cü ildəki müsahibələrində bildirmişdi ki, İmam Xomeyni İmdad Komitəsi Azərbaycandakı fəaliyyətini 2014-cü ildə başa çatdırıb və 80 humanitar qrup arasında ən uzunmüddətli fəaliyyət göstərən təşkilat kimi tarixdə yer alıb. Əli Həsənov həmçinin qeyd etmişdi ki, bu komitə məcburi köçkünlərlə bağlı fəaliyyətini daimi və geniş şəkildə həyata keçirən ilk təşkilat idi. Sözsüz ki, Azərbaycan tərəfi 20 il ərzində fəaliyyət göstərən bu komitənin fəaliyyətini o dönəmin çətin şərtləri daxilində qiymətləndirməyə məcbur idi.


Lakin rəqəmlər göstərir ki, İranın humanitar yardımları kifayət qədər böyük və təhlükəli miqyasda olub. 2004-cü ilin məlumatına görə, Azərbaycanda 11 ildən artıq fəaliyyət göstərən bu təşkilat respublikanın 19 rayonunda məskunlaşan 40 min imkansız ailəyə "himayədarlıq" edib. Söhbət 40 min ailədən gedir və İran yardım adı altında həmin insanları öz dini-siyasi əməllərinə vasitə etməyə çalışıb.

2014-cü ilin media təhlilləri göstərir ki, İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm brifinqdə "Azərbaycanda yaxşı işlər görmüşük, 20 il ərzində ofisimizin fəaliyyətini uğurla yekunlaşdırdıq" deyə bildirmiş və xüsusilə vurğulamışdı ki, bu fəaliyyətdə hər hansı siyasi rəng və çalar olmayıb. Bu bəyanat əslində onların sonrakı dönəmlərdə ifşa olunan niyyətlərini pərdələmək cəhdi idi.

Azərbaycan iqtisadi baxımdan inkişaf etdikdən sonra 2011-ci ildə qurumun qeydiyyatını ləğv etdi. Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində bu qurum məcburi köçkünlərlə yanaşı, selektiv şəkildə Qarabağda şəhid olmuş şəxslərin ailələrinə də yardım göstərərək onları ön plana çıxarmağa çalışırdı.

Rəsmi açıqlamalara görə, İran tərəfi Azərbaycanda həyata keçirdiyi humanitar layihələrə 20 il ərzində 43 milyon ABŞ dolları vəsait sərf etdiyini bildirir. Lakin tarix göstərdi ki, xərclənən bu vəsait azərbaycanlıların humanitar vəziyyətini yaxşılaşdırmaqdan daha çox, qaçqınlar arasında Azərbaycan dövlətinin deyil, İranın təbliğatının aparılmasına və İranın xilaskar dövlət obrazında qəbul etdirilməsinə xidmət edib.

Tabutlarla məcburi köçkün düşərgələrinə soxulan İran humanitar yardım adı ilə əhaliyə əslində arxalarındakı dövlətin Azərbaycan yox İran olması təbliğatını aparıblar.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər