Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər
"İran ətrafında vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır".
TodayPress TV xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ bir tərəfdən İran istiqamətində hərbi-siyasi fəaliyyətini davam etdirir, digər tərəfdən isə tərəfdaşları ilə birlikdə Qəzza planını həyata keçirməyə çalışır:
"Qərb mənbələrinin HƏMAS-ın tərksilah olunmasına razılıq verdiyi barədə məlumatlar yaydığını deyən politoloq hesab edir ki, bu yalnız İsrailin hərbi qüvvələrini Qəzza zolağından çıxarması halında mümkün ola bilər. Rusiya-Ukrayna müharibəsində isə hələlik ciddi dəyişiklik müşahidə olunmur və tərəflər qarşılıqlı raket və dron zərbələrini davam etdirirlər".

Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqton İranla bağlı prosesləri idarə etməyə, Qəzza planını reallaşdırmağa və eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün vasitəçilik təşəbbüslərini yenidən gündəmə gətirməyə çalışdığı bir vaxtda Çini də diqqətdən kənarda saxlamır.

"ABŞ dövlət katibi Mark Rubionun "Fox News"a verdiyi son müsahibə Vaşinqtonun Pekinlə münasibətlərdə ikili xətt yürütmək niyyətini ortaya qoyur. Rubio ABŞ ilə Çin arasında iqtisadi və ya hərbi qarşıdurmanın bütün dünya üçün ağır nəticələr doğura biləcəyini desə də, eyni zamanda Vaşinqtonun milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyini vurğulayıb. Rubionun Tayvan məsələsinə dair açıqlamaları da bu siyasətin davamıdır. ABŞ dövlət katibi status-kvonun təzyiq və ya məcburiyyət yolu ilə dəyişdirilməsini qəbul etmədiklərini bəyan edib və bu mövqenin Çin tərəfinə də açıq şəkildə çatdırıldığını bildirib", - analitik vurğulayıb.
Onun qənaətincə, Rubionun bu ikili mesajları Pekini qane etməyəcək: "Vaşinqton bir tərəfdən münasibətləri normallaşdırmaq istədiyini bildirir, digər tərəfdən isə Tayvan məsələsində əvvəlki mövqeyindən geri çəkilmir. Pekin isə Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və bu prosesə heç bir dövlətin, o cümlədən ABŞ-nin müdaxilə etməsini qəbul etmir".

Politoloq əlavə edib ki, ABŞ və Çin arasında rəqabətin əsas istiqamətlərindən biri də süni intellekt sahəsidir:
"Çin açıq mənbəli və daha əlçatan süni intellekt texnologiyalarını təşviq etdiyini bildirir, Vaşinqton isə Pekinin bu sahədə artan təsirindən narahatdır. Digər tərəfdən, Pekin ABŞ-ni süni intellekt sahəsində hegemonluq yaratmağa çalışmaqda ittiham edir. Çin rəhbərliyinin ötən ay Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatını (WAICO) yaratması da bu rəqabətin tərkib hissəsidir. Artıq 29 ölkənin qoşulduğu bu təşkilat vasitəsilə Pekin öz ətrafında daha geniş tərəfdaş şəbəkəsi formalaşdırmağa və Vaşinqtonun "Süni İntellekt Fəaliyyət Planı"na alternativ yaratmağa çalışır. Gələcək dövrdə süni intellekt sahəsində geri qalan dövlətlər seçim qarşısında qalacaq və onların əksəriyyəti ya ABŞ-nin, ya da Çinin formalaşdırdığı texnoloji bloklardan birinə yaxınlaşmağa məcbur olacaq".

Jalə Rövşən