TƏCİLİ! Polşada həyəcan təbili: Əhaliyə TƏLİMAT KİTABÇALARI paylanılır!

TƏCİLİ! Polşada həyəcan təbili: Əhaliyə TƏLİMAT KİTABÇALARI paylanılır!
12.01.2026 12:55

Son günlər Polşanın Varşava və digər iri şəhərlərində hökumət tərəfindən həm yerli əhali, həm də ölkədə yaşayan mühacirlər üçün müharibə və fövqəladə vəziyyətlə bağlı xüsusi təlimat kitabçalarının paylanması diqqət çəkir. 

Bu cür materiallar əvvəlki illərdə də mövcud olsa da, son dövrlərdə onların daha intensiv şəkildə yayılması Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir. Xüsusilə Polşada son bir il ərzində nüvə silahı və nüvə zərbələrinin yaratdığı radiasiya təhlükəsi ilə bağlı ayrıca təlimat kitabçalarının paylanması bu prosesin ciddi xarakter aldığını göstərir.


Məlumata görə, Polşa hökumətinin əsas prioritetlərindən biri yeni sığınacaqların müəyyənləşdirilməsi, eyni zamanda mövcud, lakin köhnəlmiş sığınacaqların bərpa olunmasıdır. Paralel olaraq Polşa və Avropa İttifaqı 2027–2029-cu illəri əhatə edən təhlükəsizlik və müdafiə planları üzərində işləyir. Həmin sənədlərdə Rusiyanın bu dövrdə NATO ərazisinə hücum etmək imkanına malik ola biləcəyi və hərbi potensialını yenidən formalaşdıra biləcəyi ehtimalı qeyd olunur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Polşada yaşayan həmyerlimiz, siyasi şərhçi Kamran Sultanlı bildirib ki, bu qiymətləndirmələrlə bağlı Avropa daxilində vahid mövqe mövcud deyil:


“Almaniya kəşfiyyat strukturları bu risklərin daha erkən reallaşa biləcəyini bildirir. Estoniya tərəfi isə prosesin daha uzun zaman tələb etdiyini və Rusiyanın daxili siyasi-iqtisadi vəziyyətinin bu məsələdə həlledici rol oynayacağını düşünür”.

O qeyd edib ki, Avropada müşahidə olunan bu addımlar yalnız Rusiya amili ilə izah olunmamalıdır:

“Hazırda Avropanı narahat edən əsas məsələlərdən biri transatlantik münasibətlərdə yaranan çatlar, xüsusilə Qrenlandiya ətrafında ABŞ ilə Avropa arasında formalaşan fikir ayrılıqlarıdır. Qrenlandiyanın Danimarkanın beynəlxalq səviyyədə tanınmış ərazisi olmasına baxmayaraq, ABŞ tərəfindən bu regionla bağlı səsləndirilən iddialar Avropada ciddi narahatlıq doğurur”.

Ekspertin sözlərinə görə, Avropa İttifaqı eyni anda iki istiqamətdə təzyiq altındadır:


“Bir tərəfdən ABŞ-nin Qrenlandiya ilə bağlı mövqeyi, digər tərəfdən isə Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropanı iki böyük hərbi güclə paralel qarşıdurma riski ilə üz-üzə qoyur. Bu isə təhlükəsizlik məsələlərini Avropa gündəminin əsas mövzusuna çevirir. Məhz bu səbəbdən Avropa siyasətçiləri müharibə riskinin real olduğunu düşünür və cəmiyyəti bu ehtimala psixoloji və institusional baxımdan hazırlamağa çalışırlar. Bu proses eyni zamanda sosial xərclərin azaldılması və hərbi xərclərin artırılması ilə bağlı cəmiyyətin razılığını əldə etməyə yönəlib. Məqsəd mümkün sosial narazılıqları əvvəlcədən minimallaşdırmaqdır”.

Analitik vurğulayıb ki, Avropada sağçı siyasi qüvvələrin reytinqinin artması da bu məsələdə mühüm rol oynayır:

“Əgər sosial təminatlar zəiflədilərsə və hərbi xərclər kəskin şəkildə artırılarsa, bu, daxili gərginliyi daha da yüksəldə və sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını gücləndirə bilər. Buna görə də Avropa siyasətçiləri bu məsələdə balanslı siyasət yürütməyə çalışırlar. Avropa ölkələrinin ciddi büdcə problemləri də qərarların qəbulunu çətinləşdirir. Fransa və Britaniya kimi dövlətlərin xarici borcu artıq ÜDM-in 120–130 faizinə çatıb. Bu isə yeni borclanmaların əlavə maliyyə riskləri yaratması deməkdir. Avropa İttifaqı daxilində borclanma və maliyyələşmə mexanizmləri ilə bağlı hələlik ortaq mövqe yoxdur”.

Rusiyanın dondurulmuş aktivləri məsələsində də fikir ayrılıqları qalmaqdadır. K.Sultanlının sözlərinə görə, xüsusilə “Euroclear Bank”ın yerləşdiyi Belçika bu addıma ehtiyatla yanaşır və bunun Avropa maliyyə sisteminə mənfi təsir göstərə biləcəyindən narahatdır.

Ekspert hesab edir ki, mövcud şəraitdə hərbi eskalasiya riskindən istifadə edərək hərbi xərclərin artırılmasına cəmiyyətin razılığını almaq cəhdi müəyyən mənada anlaşılandır:

“Bu ssenari hazırda tam inandırıcı görünməsə də, ABŞ-nin Monro doktrinasına qayıdışı və NATO daxilində yaşanan gərginliklər Avropanı öz təhlükəsizlik modelini yenidən nəzərdən keçirməyə məcbur edir. Atılan addımlar daha çox qabaqlayıcı və ehtiyat xarakteri daşıyır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Bütün Xəbərlər