Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir?

Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir?
31.07.2026 14:40

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının iyunun 7-də keçirilən parlament seçkilərində qələbə qazanmasından sonra iyulun 6-da onun Rusiyaya ilk səfəri baş tutdu. Paşinyan Yekaterinburqda keçirilən INNOPROM 2026 Beynəlxalq Sənaye Sərgisinin plenar iclasında iştirak etdi və Rusiyanın Baş naziri Mixail Mişustinlə ikitərəfli görüş keçirdi.

Lakin bu səfər Rusiya rəhbərliyinin seçkilərin nəticələrinə qarşı nümayişkaranə soyuqluğu fonunda baş tutdu. Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, Kremlin mətbuat katibi Dmitri Peskov və XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da daxil olmaqla yüksəkvəzifəli Rusiya rəsmilərindən heç biri Paşinyanı qələbə münasibətilə təbrik etmədi.

Moskva təkcə susqunluqla kifayətlənməyərək, seçki prosesini açıq şəkildə tənqid etdi. Ermənistan müxalifətinin mütəşəkkil saxtakarlıqlar və siyasi-təhlükəsizlik təzyiqləri ilə bağlı iddialarını təkrarlayan Mariya Zaxarova bildirdi ki, seçkilər müxalifətə misli görünməmiş təzyiq və xüsusilə Avropa İttifaqının müdaxiləsi şəraitində keçirilib, İrəvan isə azad seçkilərin keçirilməsini tənzimləyən prinsip və prosedurları açıq şəkildə pozub.

Ermənistandakı seçki nəticələri ölkənin 2018-ci il Məxməri İnqilabından sonra götürdüyü xarici siyasət xəttinin möhkəmlənməsini simvolizə etdi. Bu kurs bir neçə strateji istiqaməti əhatə edir:

Azərbaycanla gərginliyi azaldaraq sülh prosesini davam etdirmək;

Türkiyə ilə münasibətləri normallaşdırmaq;

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq ehtimalını nəzərdən keçirməklə Rusiyadan mərhələli şəkildə uzaqlaşmaq 

Aİ, NATO və ABŞ ilə əlaqələri dərinləşdirmək;

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Sünik vilayəti vasitəsilə əlaqəsini nəzərdə tutan Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsini reallaşdırmaq.

Ermənistanda keçirilən seçkilər son illərdə Gürcüstan, Ukrayna, Baltikyanı ölkələr və Şərqi Avropada olduğu kimi erməni cəmiyyəti üçün Rusiya ilə Qərb arasında açıq geosiyasi seçimə çevrildi. Aprel ayında Macarıstanda keçirilən seçkilərdə Kremlin Aİ daxilindəki ən yaxın tərəfdaşı olan Viktor Orbanın 16 illik hakimiyyətinin süqutundan sonra, Ermənistandakı nəticələr Moskvanın regiondakı nüfuzuna növbəti ciddi zərbə oldu. Rusiya üçün arzuolunan ssenari Ermənistandakı mühafizəkar və millətçi qüvvələrin — xüsusilə erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" Alyansının və ya keçmiş prezident Robert Köçəryanın "Ermənistan" Alyansının qələbəsi idi. Bu, ölkəni 2018-ci ildən əvvəlki Rusiya yönümlü siyasətə qaytara bilərdi. Əgər Paşinyan hökuməti KTMT və Aİİ-ni tərk edərsə, Azərbaycan və Gürcüstanın bu təşkilatlarda yer almadığını nəzərə alsaq, Moskva Cənubi Qafqazdakı əsas hərbi və iqtisadi dayaqlarını itirəcək. Rusiya hərbi bazalarının çıxarılması halında Moskvanın bölgədəki hərbi mövcudluğu yalnız Abxaziya və Cənubi Osetiya ilə məhdudlaşacaq.

Mövcud mərhələdə Rusiya Ermənistan müxalifətinin daxili sabitliyi pozmaq cəhdlərini diqqətlə izləyir. Konstitusiya Məhkəməsinin seçki nəticələrini tanımasını pisləyən beş müxalif partiyanın birgə bəyanatı və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan daxil olmaqla müxalifətçilərin saxlanılmasına qarşı keçirilən etirazlar Kremlin daxili vəziyyətin hələ də həssas olduğu qənaətinə gəlməsinə zəmin yaradır.

Müxalifətin parlament fəaliyyətini boykot etməsi və İrəvan küçələrindəki etirazlar Moskvaya Paşinyanın siyasi legitimliyini şübhə altına almağa imkan verir. Rusiya rəsmilərinin təbrik göndərməməsi də bu strategiyanın tərkib hissəsidir. Moskva üçün ən əlverişli ssenari uzunmüddətli siyasi böhranın – küçə nümayişləri, hüquqi mübahisələr və media təzyiqlərinin davam etməsidir. Bu, Paşinyanın hüquqi müstəvidə baş nazir qalsa da, siyasi baxımdan zəifləməsinə və Qərbyönlü islahatları həyata keçirməsinin çətinləşməsinə xidmət edir.

Moskvanın bundan sonrakı addımları İrəvanın KTMT, Aİİ və Rusiya bazaları ilə bağlı atacağı praktiki addımlardan asılı olacaq. Rusiya açıq və rəsmi genişmiqyaslı sanksiyalar əvəzinə "nəzarətli təzyiq" modelinə üstünlük verəcək. Bu mexanizmə aşağıdakılar daxildir:

1. Təbii qazın qiymətinin mərhələli şəkildə artırılması;

2. Ermənistan məhsullarına gömrük və texniki məhdudiyyətlərin tətbiqi;

3. Rusiya investisiyalarının azaldılması;

4. Rusiyadakı erməni miqrantlara qarşı qeyri-rəsmi sıxışdırmalar;

5. Ermənistan daxilindəki müxalifətə və mediaya dəstəyin artırılması 

Kəskin sanksiyaların tətbiq edilməməsinin əsas səbəbi Kremlin Ermənistanı tamamilə Qərbin qucağına itələmək istəməməsidir. Həddindən artıq təzyiq erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini pik həddə çatdıra bilər. Enerji sahəsində bu, Ermənistanı Azərbaycan, İran və Türkmənistandan alternativ qaz mənbələri axtarmağa sövq edə bilər. Tranzit sahəsində isə Ermənistanın Orta Dəhliz layihəsinə daha dərindən inteqrasiyasına səbəb ola bilər. Bundan başqa, Avropa ölkələri, ABŞ, Hindistan, İran və Çin Xalq Respublikasının dəmir yolları, telekommunikasiya, elektrik şəbəkələri, eləcə də maliyyə və bank sektoru kimi infrastruktur layihələrində iştirak imkanlarını genişləndirə bilər.

Bütün bu amillər Rusiyanı Paşinyan hökumətinin siyasətini dəyişdirmək və ya korrektə etmək məqsədilə ona qarşı məhz nəzarətli təzyiq siyasəti yürütməyə sövq edəcək.

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi də Moskvanın xarici siyasətdəki mövqeyinə təsir göstərən amillərdən biridir. Ukraynaya qarşı müharibə və Qərbin Rusiyaya tətbiq etdiyi genişmiqyaslı sanksiyalar Moskvanın Azərbaycan və Türkiyəyə münasibətdə daha çevik davranmasına, eyni zamanda Cənubi Qafqaza diqqətinin müəyyən qədər azalmasına səbəb olub. Lakin Ukraynadakı müharibə hər hansı formada başa çatarsa, Rusiyanın bu regionun geosiyasi proseslərinə yenidən daha fəal qayıtması və Paşinyan hökumətinə təzyiqi artırması ehtimalı yüksəkdir.

Əgər Moskva ilə İrəvan arasında münasibətlər ciddi gərginlik mərhələsinə keçərsə, qazın qiymətinin artırılması və dolayı iqtisadi təzyiq vasitələrinin tətbiqi kifayət qədər real ssenari hesab oluna bilər. Bununla belə, Ermənistana qarşı genişmiqyaslı və rəsmi iqtisadi sanksiyaların qısamüddətli perspektivdə tətbiqi daha az ehtimal olunur. Belə ssenari yalnız Ermənistanın KTMT və Aİİ-dən rəsmi şəkildə çıxacağı təqdirdə daha real görünə bilər. Həmin vaxta qədər isə Rusiyanın Ermənistanla kommunikasiya kanallarını tam bağlamadan, əsasən siyasi və media təzyiqi, eləcə də enerji rıçaqlarından istifadə etməklə təsir göstərməyə üstünlük verəcəyi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 Bütün Xəbərlər