Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq
Oftalmoloq müayinəsi təkcə görmə qabiliyyətinin yoxlanılması və eynək seçilməsi üçün deyil, həm də yüksək arterial təzyiqin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır.
TodayPress TV xəbər verir ki, Rusiyanın Piroqov Universitetinin Klinik Tibb İnstitutunun akademik A.P. Nesterov adına Oftalmologiya kafedrasının assistenti Angelina Kazantsevanın sözlərinə görə, göz dibi insan orqanizmində qan damarlarını cərrahi müdaxilə olmadan birbaşa müşahidə etməyə imkan verən yeganə nahiyədir.
Buna görə də göz damarlarının vəziyyəti beyin, ürək və böyrəklərdəki damar sisteminin vəziyyəti haqqında mühüm məlumat verir.
Mütəxəssis bildirir ki, adi göz dibi müayinəsi (oftalmoskopiya) hipertoniyanı hələ heç bir əlamət olmadığı erkən mərhələdə aşkar edə bilər.
Yüksək arterial təzyiq tez-tez və ya kəskin yüksəldikdə göz damarlarında müəyyən dəyişikliklər baş verir. Təcrübəli oftalmoloq aşağıdakı əlamətlərə diqqət yetirir:
Bəzi damarların daralması, digərlərinin isə genişlənməsi;
Damar divarlarının qalınlaşması və elastikliyini itirməsi;
Xırda damarların həddindən artıq qıvrılması;
Tor qişada xırda qan sızmaları.
Həkimin sözlərinə görə, hipertoniyanın ən təhlükəli cəhəti onun ilkin mərhələdə demək olar ki, heç bir əlamət verməməsidir. İnsan baş ağrısı, görmə zəifləməsi və ya digər narahatlıq hiss etmədən sadəcə profilaktik müayinə və ya eynək seçimi üçün oftalmoloqa müraciət edir, lakin müayinə zamanı damar dəyişiklikləri aşkarlana bilər.
Mütəxəssis artıq çəkisi olan, siqaret çəkən, azhərəkətli həyat tərzi keçirən, ailəsində hipertoniya və ya şəkərli diabet olan şəxslərə mütəmadi olaraq göz dibi müayinəsindən keçməyi tövsiyə edir. Müayinə zamanı damar dəyişiklikləri aşkar edilərsə, pasiyent terapevt və ya kardioloqa yönləndirilir.
Jalə Rövşən