Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu
18.09.2025 11:33 Turizm

Türkiyənin “Cittaslow” – yəni “Sakit şəhər”lər şəbəkəsinə daxil olan yaşayış məntəqələrinin sayı 27-yə çatıb. Bu dəfə siyahıya Dənizlinin cənubunda yerləşən Çameli rayonu da əlavə olunub.

TodayPress TV xəbər verir ki, Pamukkale travertenləri ilə məşhur olan Dənizli, indi daha bir yeni “sakit şəhər”lə gündəmə gəlib. Təbii gözəllikləri və ənənəvi həyat tərzi ilə seçilən Çameli, bölgəyə səfər edən turistlər üçün alternativ bir istiqamət kimi tanıdılır.

Çameli, Cənubi Koreyanın Vando adasında keçirilən “Cittaslow Milli Assambleyası”nda rəsmi olaraq sertifikat alaraq şəbəkəyə daxil edilib. Bununla da Türkiyədə “sakit şəhər”lərin sayı 27-yə yüksəlib.

Yeni status Çamelinin təbiətin və ekoloji dəyərlərin qorunmasına, dayanıqlı həyat tərzi və mədəni orijinallığın saxlanmasına verdiyi önəmi vurğulayır. Beləliklə, turistlər üçün həm məsuliyyətli səyahət təcrübəsi, həm də yerli həyatın ənənəvi ruhunu yaşamaq imkanı yaradır.

Pamukkalenin dünyaca məşhur travertenləri hər il on minlərlə ziyarətçini cəlb etdiyi halda, Çameli isə səyahətsevərlərə daha sakit, təbiətlə iç-içə və orijinal Anadolu mədəniyyətini hiss etdirən bir seçim təqdim edir.

Çameli

Dənizli şəhər mərkəzindən təxminən 110 kilometr cənubda yerləşən Çameli, əl dəyməmiş təbiəti və əsrlər boyu formalaşmış ənənəvi həyat tərzi ilə “sakit həyatın” ünvanına çevrilib. Sərin mehli yaylaları, yaşıllıqlar içində kəndləri və sakit ritmi ilə bu diyar sanki zamanı yavaşladır.

Çameli ətrafı toxunulmamış meşələrlə əhatə olunub – ucalan şam ağacları, xışıltılı palıd yarpaqları və həmişəyaşıl ardıc meşələri zəngin fauna ilə birləşərək əsl təbiət palitrası yaradır. Burada turistlər gur şəlalələr, ayna kimi parlayan göllər və yaşıl yaylalar arasında gəzərək təbiətin bütün gözəlliklərini hiss edə bilirlər. Yayda sərin iqlim, qışda isə qarla örtülmüş yaylalar Çamelini nağılı xatırladan bir qış mənzərəsinə çevirir.

Çamelinin füsunkar mənzərələri həm də macəra həvəskarları üçün əsl cənnətdir. Dağların qoynunda uzanan yürüş və velosiped yolları, gur çaylar boyunca səfərlər fotoqraflar üçün unudulmaz anlar bəxş edir. Gizli düşərgə yerlərində ulduzlu səma altında gecələmək isə unikal bir təcrübədir. Çameli həm də idman tədbirləri ilə seçilir – burada paraplan uçuşu üzrə çempionatlar, velosiped festivalları keçirilir və həm Türkiyədən, həm də xaricdən idmançılar və macəraçılar bölgəyə toplaşır.

Bütün bunlarla yanaşı, Çameli qonaqlarına ənənəvi türk həyat tərzinə də yaxın baxış imkanı yaradır. Burada insanlar hələ də üzvi şəkildə əkinçiliklə məşğul olur, əsrlərdir yaşadılan reseptlərlə yeməklər bişirir, öz əl toxuması parçalarını hazırlayır, ağac oyma sənətini davam etdirir və qonaqpərvərliyi ilə seçilirlər. Səyyahlar daş evlərin arasında dolaşa, yerli ustaların əl işlərini və üzvi məhsulları ala, həm də bölgənin məşhur “Çameli lobiyası” və təzə foreli kimi dadlı yeməklərini dada bilərlər.

Dənizli

Egey, Mərkəzi Anadolu və Aralıq dənizi bölgələrinin qovşağında yerləşən Dənizli, minilliklər boyu müxtəlif sivilizasiyaların izi ilə formalaşmış Anadolunun maraqlı şəhərlərindən biridir. Hititlərdən Friglərə, Lidiyalılardan Romalılara və Bizansa qədər bir çox qədim mədəniyyət burada öz möhürünü qoyub.

Şəhər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Pamukkale travertenləri və Hierapolis qədim şəhəri ilə yanaşı, Kolossai, Tripolis, Laodikya, Herakliya və Attuda kimi arxeoloji məkanları ilə də seçilir.

Son illərdə isə Dənizli öz qədim tarixi ilə yanaşı, üzümçülük ənənələri ilə də diqqət mərkəzinə çevrilib. Xüsusilə Çal rayonu “Çal Üzümlük Marşrutu” və bölgəyə xas “Çal Qarası” üzümləri ilə tanınır. Türkiyədə istehsal olunan şərablıq üzümlərin təxminən 19 faizini təşkil edən bu sort, az tanenli, yumşaq dadlı və aromatik xüsusiyyətləri ilə həm yerli, həm də xarici ziyarətçilərin marağını cəlb edir.

Türkiyə – “Sakit şəhərlər”in əsl ünvanı

“Cittaslow” – yəni “Sakit şəhər” hərəkatı, qloballaşmanın şəhərləri bir-birinə oxşatdığı və yerli kimlikləri aradan qaldırdığı narahatlıqlar fonunda yaranıb. Bu şəhərlərdə həyat yavaş axır, yerli mətbəx, memarlıq, adət-ənənələr və tarixi irs qorunur.

Türkiyədə “Cittaslow” şəbəkəsi 2009-cu ildə İzmirin Seferihisar rayonunun hərəkatın üzvü olması ilə qurulub və illər keçdikcə daha çox şəhərin qoşulması ilə böyüyür. Hazırda ölkənin yeddi bölgəsində, 23 vilayəti əhatə edən 27 rayon bu siyahıya daxildir.

Türkiyənin “sakit şəhər”ləri sırasında Ahlat, Akyaka, Arapgir, Çameli, Daday, Eğirdir, Finike, Foça, Gökçeada, Gerze, Göynük, Güdül, Halfeti, İbradı, İznik, Kemaliye, Köyceğiz, Mudurnu, Perşembe, Safranbolu, Şarköy, Şavşat, Seferihisar, Uzundere, Vize, Yalvaç və Yenipazar da var.

TodayPress TV

FOTOLAR

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu — 1
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu — 2
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu — 3
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər