73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir
“Bavariya” klubunun hücumçusu Harri Keyn ötən mövsümdəki çıxışının ardından “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Bayern & Germany” nəşrinə açıqlama verib.
İngiltərə millisinin üzvü bildirib ki, geridə qalan mövsümdən qürur duyur. Onun sözlərinə görə, “Qızıl top” fərdi müstəvidə futbolçunun qazana biləcəyi ən böyük mükafatdır.
“Mövsümlə çox fəxr edirəm. Fərdi baxımdan “Qızıl top” qazana biləcəyiniz ən böyük mükafatdır. Bu, mənim əlimdə deyil. Öz çıxışlarımdan danışsaq, əlimdən gələn hər şeyi etdim. Təbii ki, bu mükafatı qazanmaq möhtəşəm olardı. Lakin nəticələrin açıqlanmasına hələ iki-üç ay vaxt var”, – deyə Keyn bildirib.
Hücumçu həm klubunda, həm də milli komandada əldə etdiyi nəticələrdən məmnun olduğunu vurğulayıb. O, hazırda əsas diqqətini yeni mövsümə yönəltdiyini qeyd edib.
“Bu komanda və milli ilə əldə etdiklərimlə inanılmaz dərəcədə fəxr edirəm. Hazırda mənim üçün əsas məsələ yeni mövsümə fokuslanmaqdır. Böyük ambisiyalarımız və böyük hədəflərimiz var”, – deyə Keyn bildirib.
Harri Keyn ötən mövsüm klub və milli komanda səviyyəsində ümumilikdə 65 oyuna çıxıb. İngiltərəli hücumçu bu görüşlərdə 73 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN