Rusiya liberalları üçün Qarabağla Krım arasında prinsipial fərq yoxdur — Ramiz Yunus

Rusiya liberalları üçün Qarabağla Krım arasında prinsipial fərq yoxdur — Ramiz Yunus
01.02.2026 20:15

“Sözdə “yaxşı ruslar” adlandırılan fenomen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra ortaya çıxmayıb. Bu, nə mənəvi ayılmadır, nə də imperiya keçmişindən qopuş. Bu, sadəcə onilliklər boyu Kreml narrativlərini liberalizm və humanizm adı altında pərdələyən davamlı bir sistemdir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

Professor bildirib ki, Azərbaycan üçün bu fenomen yeni deyil və Qarabağ münaqişəsi rus liberal mühitinin beynəlxalq hüquqa real münasibətini açıq şəkildə üzə çıxaran ilk sınaq olub:

“Qarabağ rus liberal çevrəsinin postsovet dövlətlərinin suverenliyinə necə yanaşdığını göstərən lakmus kağızına çevrildi. Hələ 1980-ci illərin sonlarında və 1990-cı illərdə bu münaqişə beynəlxalq hüququn deyil, imperiya reflekslərinin seçildiyini açıq şəkildə nümayiş etdirdi”.

Ramiz Yunusun sözlərinə görə, beynəlxalq hüquq baxımından Qarabağın statusu birmənalı olub və bu məsələ heç vaxt mübahisə predmeti təşkil etməyib:

“Qarabağ Azərbaycan ərazisi olub və olaraq qalır. Bu status həm sovet dövründə, həm də SSRİ-nin dağılmasından sonra təsbit edilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını birbaşa tələb edirdi. Hüquqi mənzərə aydın idi və yozuma yer buraxmırdı. Buna baxmayaraq, Rusiya liberal mühitinin demək olar ki, bütün nümayəndələri Ermənistanın tərəfində mövqe tutaraq Kremlə xas ermənimərkəzli narrativi təkrarladılar. Bu çevrənin tanınmış simaları ya açıq şəkildə təcavüzü əsaslandırır, ya da işğalı iki tərəfli münaqişə kimi təqdim edirdilər. Bu mövqe Rusiya demokratiyasının simvolu sayılan şəxslər üçün də xarakterik idi. Onlar Qarabağ sınağından keçə bilmədilər və müharibə ətrafındakı yalanlarla ləkələndilər”.

Professor vurğulayıb ki, Qarabağ bu liberal olmayan mühit üçün ilk ciddi imtahan idi və həmin imtahan uğursuzluqla nəticələndi:

“Hadisələr barədə yalanlar, azərbaycanlıların etnik təmizləməsinin susdurulması, ilk qaçqın dalğasının gizlədilməsi, erməni işğalının əsaslandırılması və beynəlxalq hüququn tarixi hisslərlə əvəzlənməsi məhz bu mühitdə norma halına gəldi. Sonrakı illərdə baş verən hadisələr isə bunun təsadüf yox, Moskvanın Köhnə Meydanı və Lubyankadan idarə olunan sistem olduğunu sübut etdi. Gürcüstana qarşı təcavüz, Abxaziya və Tsxinvali bölgəsinin işğalı, 2008-ci ilin avqust müharibəsi, Dnestryanı münaqişə və Çeçenistanda baş verən müharibələr göstərdi ki, bu çevrə üçün ərazi bütövlüyü prinsipial dəyər daşımır. Rusiya ordusunun cinayətləri ya əsaslandırıldı, ya da terrorla mübarizə şüarları altında ört-basdır edildi”.

Onun sözlərinə görə, bu yanaşma 2014-cü ildə Krımın işğalı zamanı xüsusilə açıq şəkildə üzə çıxdı:

“Bir çoxları ilhaqı dəstəklədi, digərləri isə Krım kimindir sualından yayınmağa başladı. Məhz bu məqamda aydın oldu ki, Qarabağla Krım arasında onlar üçün prinsipial fərq yoxdur. Hər iki halda beynəlxalq hüquq deyil, imperiya seçilirdi”.

Politoloq qeyd edib ki, 24 fevral 2022-ci ildən sonra həmin şəxslərin bir hissəsi ritorikanı dəyişsə də, onların əvvəlki mövqeləri rəqəmsal məkanda qalmaqda davam edir:

“Onların əvvəlki bəyanatları və mətnləri sənədləşdirilib və açıq mənbələrdə mövcuddur. Azərbaycan üçün bu, yeni deyildi. Bu yol çox daha əvvəl keçilmişdi”.

Ramiz Yunus xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan öz informasiya məkanını ardıcıl şəkildə təmizləyib:

“Azərbaycan həm Kremldən, həm də Qərbdən gələn, Moskva üçün əlverişli narrativləri yayan "hədiyyə gətirən danaoslu"lardan imtina etdi. Nəticədə qələbə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qazanıldı”.

Professorun sözlərinə görə, Ukrayna bu prosesi bu gün yaşayır, lakin daha ağır bədəl ödəyir:

“Problem sadəlövhlükdə deyil. Problem ondadır ki, "yaxşı ruslar" sistemli şəkildə müttəfiq kimi təqdim olunur, məsuliyyət əvəzinə mərhəmət, əməl əvəzinə söz təklif edilir. Uzun illər Kremlin imperiya narrativlərinə xidmət etmiş şəxslərin kritik anda yenidən xəyanət etməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Bu ikiüzlülüyün tarixi həddən artıq ardıcıldır. Söhbət emosional kollektiv günahdan yox, siyasi fakt kimi kollektiv məsuliyyətdən gedir. Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı təcavüz şəraitində neytrallıq dəstək formasıdır, real addımlar olmadan antiharibə mövqeyi isə sadəcə rahat mənəvi pozadır”.

Ramiz Yunus fikrini ispan filosofu və yazıçısı Corc Santayananın sözləri ilə yekunlaşdırıb:

“Tarixdən dərs çıxarmayanlar onu yenidən, daha qəddar formada yaşamağa məhkumdurlar”.

Qiymət Mahir


ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости