İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı
01.06.2026 11:34 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!".

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Bütün Xəbərlər