Azərbaycan tranzitin əsas mərkəzinə çevrilir - 480 kilometrlik layihə
Çindən Avropaya yeni dəmir yolu marşrutu Azərbaycanın tranzit rolunu gücləndirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin tikintisi aktiv mərhələyə keçib. Layihə çərçivəsində əsas beynəlxalq və investisiya sazişləri imzalanıb, baş podratçı müəyyən edilib və maliyyələşdirmə məsələləri həll olunub. Hazırda tunellərin, körpülərin və digər infrastruktur obyektlərinin tikintisi davam edir.
Ümumi uzunluğu təxminən 480 kilometr olacaq magistralın 304 kilometrdən çox hissəsi Qırğızıstan ərazisindən keçəcək.
Yeni dəmir yolunun Çinlə Mərkəzi Asiya, Türkiyə, Yaxın Şərq və Avropa arasında yükdaşımaların həcmini artıracağı gözlənilir.
Bundan əlavə, layihənin Xəzər dənizi və Azərbaycan üzərindən keçən Orta Dəhlizin potensialını gücləndirəcəyi, ölkənin Çin-Avropa marşrutu üzrə tranzit əhəmiyyətini daha da artıracağı bildirilir.