Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib

Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib
17.07.2026 13:18 Təhlil

İyulun 13-də Şuşada, IV Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyevin dediyi bir cümlə iki gün ərzində Moskvanın bütün rəsmi kanallarında əks-səda verdi: münasibətlərdəki çətin dövr arxada qalıb, əlaqələr tam normallaşıb. Kreml sözçüsü bunu məmnuniyyətlə qarşıladı, Dövlət Dumasının beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski isə normallaşmanın “Rusiyanın maraqlarına tam uyğun olduğunu” bildirdi.

Diqqət yetirməli olduğumuz şey cümlənin özü deyil, reaksiyanın sürətidir. Bakı normallaşmanı elan etdi; Moskva onu qəbul etdi. Maraqlıdır  ki, şərt qoymadan, əvəz istəmədən, öz gündəliyini əlavə etmədən. AZAL təyyarəsi ilə bağlı kompensasiya məsələsi bağlanmadan, Rusiyada saxlanılan azərbaycanlılarla bağlı proses tamamlanmadan, üstəlik həmin forumda Əliyev Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təkrarlayandan sonra Rusiya xeyli dəyişdi.

Bu, diplomatiyada “praqmatizm” adlanır. Amma praqmatizmin iki növü var. Güclü tərəfin praqmatizmi seçimdir: mən bunu edə bilərəm, amma etmirəm, çünki qazanc başqa yerdədir. Zəif tərəfin praqmatizmi isə seçim deyil  -  məcburiyyətdir: başqa alət qalmayıb, ona görə də danışıqdan başqa yol yoxdur. Bu gün Moskvanın postsovet məkanındakı dili ikinci növdəndir. 

Rusiya iqtisadiyyatı 2025-ci ili 1 faiz artımla bağladı — 2024-cü ilin təxminən 5 faizindən sonra beş dəfə aşağı göstərici çox şeydın xəbər verir. 2026-cı ilin birinci rübündə isə Rusiya İqtisadi İnkişaf Nazirliyinin ilkin qiymətləndirməsinə görə ÜDM 0,3 faiz azaldı; bu, üç ilin ərzində ilk enişdir. Mayın ortasında baş nazirin müavini Aleksandr Novak 2026-cı il üçün artım proqnozunu 1,3 faizdən 0,4 faizə endirdi. Statistik xətanın içində qalan bir rəqəmdir bu.

Fiskal mənzərə isə daha aydındır. 2026-cı ilin ilk dörd ayında büdcə kəsiri 8,3 trilyon rubla — təxminən 100 milyard dollara, ÜDM-in 3,9 faizinə çatdı. Neft-qaz gəlirləri 2025-ci ildə planlaşdırılan 10,9 trilyon rubl əvəzinə 8,7 trilyon rubl oldu. Cavab tədbiri kimi isə  yanvarın 1-dən ƏDV 20 faizdən 22 faizə qaldırıldı, kiçik və orta biznesə güzəştlər kəsildi. Yəni müharibənin hesabı artıq xəzinədən yox, əhalinin cibindən ödənilir.

Ən vacib detal isə budur: 2022-ci ildən bəri ilk dəfə müdafiə xərcləri  heç olmasa kağız üzərində  azaldıldı (2025-ci ildəki 13,5 trilyon rubl əvəzinə təxminən 13 trilyon). 

“The Economist” hesablamasına görə, 30 iyun 2026-cı ilədək olan bir ay ərzində Rusiya Ukraynada cəmi 31 kvadrat kilometr ərazi ələ keçirib. Britaniya kəşfiyyatı mayın sonunda işğalın başlanğıcından bəri Rusiyanın itkisini təxminən yarım milyon əsgər kimi qiymətləndirib. ISW-nin qeydinə görə, Ukraynanın əks-hücumları Rusiyanın 2026-cı il yaz-yay kampaniyasının planını pozan “taktiki, operativ və strateji effektlər” yaradır.

Bunun praqmatizmə birbaşa aidiyyəti var. Reuters-in iyulun 9-da Kremlə yaxın üç mənbəyə istinadən verdiyi məlumata görə, Putin Donbasın tezliklə alınacağına inandığı üçün mövcud cəbhə xətti üzrə atəşkəs ideyasını rədd edir. Eyni günlərdə rus jurnalisti Dmitri Kolezevə müsahibə verən bir general etiraf edir ki, komandanlıq Putinə şişirdilmiş hesabatlar verir. Yəni Kremlin sərtliyi məlumata deyil, məlumatın saxtalaşdırılmasına söykənir. Cəbhədə 31 kvadrat kilometr qazanan ordu Cənubi Qafqazda kimisə qorxuda bilməz və Bakı bunu Moskvadan yaxşı bilir.

2022-ci ildə Rusiyanın müştərisi olan  dövlətlərin siyahısı uzun idi: Suriya, Venesuela, Kuba, Belarus, Mərkəzi Asiya, Balkanlar, Avropada Macarıstan və Slovakiya. 2026-cı ildə həmin siyahı kəskin qısalıb.

Əsəd rejiminin süqutu Rusiyanı Aralıq dənizindəki Tartus bazasından — Yaxın Şərq və Afrika əməliyyatlarını bir-birinə bağlayan Hmeymim tranzitindən  məhrum etdi. Yanvarın əvvəlində Venesuelada Nikolas Maduronun devrilməsi Moskvanı Qərb yarımkürəsində ciddi dayaqsız qoydu. Aprelin sonunda Macarıstanda Viktor Orbanın seçki məğlubiyyəti Aİ daxilindəki əsas “əyləc pedalını” sıradan çıxardı. Serbiya enerji idxalını şaxələndirir, Bosniya Rusiya qazından ABŞ LNG-sinə keçir, Monteneqro Aİ üzvlüyünə doğru gedir.

Nəticə tək bir cümlə ilə ifadə olunur və o cümlə Qlobal Cənubda çoxdan səslənir: Rusiya dostlarının yanında durmur. Təhlükəsizlik zəmanətçisi olduğunu iddia edən dövlətin zəmanəti işləmirsə, onun regional nüfuzunun qiyməti sıfıra yaxınlaşır.

Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 43 kilometrlik hissəsi  2025-ci ilin avqustunda Vaşinqton sammitindən sonra TRIPP adlandırılan seqment  bir vaxtlar Moskvanın planlaşdırdığı layihə idi. 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndi kommunikasiyaların açılmasını Rusiya FSB sərhədçilərinin nəzarəti altında nəzərdə tuturdu. Meğri üzərindən Rusiya nəzarətindəki marşrut Putinin çoxdankı arzusunu — Şimal-Cənub dəhlizinin çatışmayan halqasını  tamamlayacaqdı.

Bu gün həmin marşrut var, amma Rusiyasız. Yanvarın 13-də Vaşinqtonda Marko Rubio ilə Ararat Mirzoyan TRIPP-in icra çərçivəsini elan etdilər. Ermənistan suverenliyini saxladı, Azərbaycan Naxçıvana maneəsiz çıxış aldı, ABŞ dəhlizin idarəçiliyində iştirak hüququ qazandı.

Kremlin cavabı nə oldu? Rusiya XİN-in açıqlaması stenoqrama düşəcək qədər aydındır: “TRIPP-lə bağlı mövqeyimizi saxlayırıq, detalları öyrənəcəyik.” Carnegie-nin qiymətləndirməsi ilə desək, Kreml TRIPP-ə açıq müxalifətlə deyil, “təmkinli skeptisizmlə” reaksiya verdi. 

Moskvanın əlində qalan yeganə real alət 2008-ci ildən Ermənistan dəmir yollarını konsessiya ilə idarə edən “Rusiya Dəmir Yolları”nın törəməsidir. İrəvan idarəetmə strukturuna üçüncü tərəfin cəlbini müzakirə etməyə çalışır, Moskva razılaşmır. Bir zamanlar sülhməramlı kontingenti olan ölkənin bugünkü leverajı dəmir yolu konsessiyasıdır.

Rusiyanın Ermənistandakı çöküşü ən yaxşı nümunədir, çünki orada Moskva praqmatik deyil, aqressiv davrandı  və uduzdu.

2023-cü ildə Qarabağa müdaxilə etməməsi, 2024-cü ildə sülhməramlıların çıxarılması İrəvanda Moskvaya inamı sıfırladı. Ardınca Ermənistan 2025-ci ilin yanvarında ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzaladı, Aİ ilə yaxınlaşma prosesini başlatdı. 2026-cı ilin mayında Avropa Siyasi Birliyinin sammiti İrəvanda keçirildi — Zelenski və NATO Baş katibi Mark Rütte Paşinyanın qonağı idi. Atlantic Council-un qeydi lakonikdir: Ermənistanı hədələmək cəhdləri əks nəticə verdi və Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu daha da zəiflətdi.

İndi Kreml 2026-cı ilin parlament seçkilərindən də gözlədiklərini ala bilmədi. 

Moskvanın öz təsirini hələ də struktur şəklində saxladığı yeganə region Mərkəzi Asiyadır. Amma orada da rəqəmlər acizanədir. Rusiya 2026–2028-ci illər üçün Tacikistana narkotiklə mübarizə üçün 413 milyon rubl  yəni 5 milyon dollardan bir az çox  ayırmağı planlaşdırır. Bu, Talibanın milyardlarla dollarlıq narkotik sənayesinə qarşı Kremlin “töhfəsi”dir. Ötən ilin sonunda Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya-Tacikistan (Slavyan) Universitetinin rektorunu Moskva ilə razılaşdırmadan dəyişdi.

Bu detalların hər biri kiçikdir. Birlikdə isə bir şey deyirlər: nüfuz artıq daxili istehlak üçün icra olunan ritualdır. Studiyada “nüfuz dairəsi” deyə bağıran Solovyov ilə Düşənbədə rektor təyinatından xəbər tutmayan Kreml  eyni sistemin iki üzüdür.

Ən çox şeyi izah edən data isə sonuncudur. Bakı normallaşmanı elan edən kimi Rusiya media məkanında yeni bir anti-Azərbaycan informasiya kampaniyası işə düşdü. Rəsmi kanallar “münasibətlər tam bərpa olunub” deyir; təbliğat kanalları eyni anda Bakının “ikiüzlülüyündən” yazır.

Moskvanın Bakıya qarşı real təsiri qalmayıb: qaz üçün asılılıq yoxdur, təhlükəsizlik zəmanəti mövzusu bağlanıb, ərazi münaqişəsi bitib, alternativ marşrutlar işləyir, Türkiyə ilə ittifaq isə həm hərbi, həm iqtisadi çərçivəni müəyyən edir. Geriyə iki şey qalır: yuxarıda nəzakətli praqmatizm, aşağıda informasiya təzyiqi. Birincisi Bakı ilə əlaqəni saxlamaq üçündür, ikincisi isə daxili auditoriyaya “biz hələ də oyundayıq” mesajı vermək üçün.

Real gücü olan dövlət eyni anda iki dildə danışmır. Onun bir dili olur, çünki bir dili kifayət edir.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Mənbələr

— TASS / APA / Pravda — İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı və Moskvanın reaksiyası, 13–15 iyul 2026.

— OSW (Centre for Eastern Studies) — “Russia’s economy: heading towards recession?”, 14 may 2026; “Russia’s 2026 budget”, dekabr 2025.

— The Moscow Times — “Russia Cuts 2026 Growth Forecast…”, 12 may 2026; “Russia’s Economy in 2026”, 2 yanvar 2026.

— Russia Matters — “The Russia-Ukraine War Report Card”, 1 və 8 iyul 2026 (The Economist və DeepState məlumatları əsasında).

— ISW / Critical Threats — “Russian Offensive Campaign Assessment”, 9 iyul 2026.

— Atlantic Council — “With Putin visibly weakened, now is the time to back Ukraine”, iyul 2026.

— GIS Reports — “Russia’s global pullback creates new power vacuums”, may 2026; Geopolitical Monitor, may 2026.

— Carnegie Endowment — “Rewiring the South Caucasus: TRIPP and the New Geopolitics of Connectivity”, mart 2026; “Russia Won’t Give Up Its Influence in Armenia Without a Fight”, yanvar 2026.

— AzerNews — “Russia’s railway grip casts long shadow over Zangezur corridor”, fevral 2026.

— FPRI — “Russia’s War of Self-Destruction”, iyun 2026; “A Growing Rift: The Decline of Russian-Central Asian Ties”, may 2026.

— CEPA — “Russia’s Losing Hand in the South Caucasus”, iyul 2026.

NEWS FEED
17 JULY 2026
Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 All News