Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək?

Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək?
31.07.2026 19:21 Təhlil

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra proses öz axarına düşür. Baş nazir Nikol Paşinyanın açıqladığı kimi, avqustun 2-də hökumət istefaya gedəcək. Bu, ölkədə siyasi böhran və ya hakimiyyət dəyişikliyi deyil. Ermənistan Konstitusiyasına əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət səlahiyyətlərini təhvil verir və yeni kabinet formalaşdırılır.

Lakin bu prosedur xarakterli addım regionda gedən proseslər, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması mərhələsində diqqətlə izlənilir. Çünki yeni hökumətin tərkibi, xüsusilə də xarici siyasət, müdafiə və təhlükəsizlik blokunda ediləcək dəyişikliklər İrəvanın gələcək kursu barədə müəyyən siqnallar verə bilər.

Köhnə hökumət Bakı ilə dialoq aparan komanda idi

Son illərdə Ermənistan hökumətinin bir sıra üzvləri Azərbaycan rəsmiləri ilə müxtəlif platformalarda birbaşa təmaslarda iştirak ediblər. Xarici işlər naziri Ararat Mirzoyan dəfələrlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib. Bu görüşlər həm Vaşinqton, həm Brüssel, həm də digər beynəlxalq platformalarda baş tutub və sülh sazişi üzrə danışıqların əsas hissəsini təşkil edib.


Baş nazirin müavini Mher Qriqoryan isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların həmsədri kimi uzun müddətdir danışıqlar aparır. Məhz bu formatda iki ölkə arasında sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində ilk real nəticələr əldə olunub.


Bu baxımdan istefaya gedən hökumət Azərbaycanla birbaşa danışıqlar aparan komanda kimi yadda qalır. Onların fəaliyyət dövründə tərəflər arasında gərginlik tam aradan qalxmasa da, sülh sazişi üzrə danışıqlar davam etdirilib, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif addımlar atılıb. 

Bəs yeni kabinetdə böyük dəyişiklik gözlənilirmi?

Paşinyanın partiyası parlamentdə təkbaşına hökumət formalaşdırmaq imkanı əldə etdiyindən siyasi kursun tamamilə dəyişəcəyi gözlənilmir. Əsas gözlənti ondan ibarətdir ki, baş nazir postunda yenə Nikol Paşinyan qalacaq.

Nazirlər Kabinetinin tərkibində isə müəyyən dəyişikliklər mümkündür. Ermənistan mediasında son aylarda bəzi nazirlərin fəaliyyətindən narazılıq olduğu, iqtisadiyyat, sosial sahə və dövlət idarəçiliyində kadr yenilənməsinin gündəmə gələ biləcəyi barədə məlumatlar yayılır. Bununla belə, xarici siyasət və təhlükəsizlik blokunda radikal dəyişikliklərin olacağına dair hələlik rəsmi siqnallar yoxdur.

Əgər Ararat Mirzoyan xarici işlər naziri postunu qoruyarsa, Azərbaycanla aparılan danışıqların əvvəlki formatda davam etməsi ehtimalı daha yüksək qiymətləndirilir. Eyni sözləri delimitasiya komissiyasında Ermənistan tərəfinə rəhbərlik edən Mher Qriqoryan haqqında da demək olar.

Bakı-İrəvan münasibətlərinə təsiri necə ola bilər?

Ekspertlərin fikrincə, hökumətin istefası danışıqlar prosesini dayandıracaq hadisə deyil. Çünki söhbət növbədənkənar hakimiyyət dəyişikliyindən yox, seçkidən sonra həyata keçirilən konstitusion prosedurdan gedir.

Əsas məsələ yeni kabinetin prioritetləridir. Əgər Paşinyan komandasının əsas simaları vəzifələrini qoruyarsa, Azərbaycanla sülh gündəliyində ciddi dəyişiklik gözlənilmir. Əksinə, yeni hökumət siyasi legitimliyini arxasına alaraq sülh sazişi üzrə daha çevik qərarlar verməyə çalışa bilər.

Bununla yanaşı, Ermənistan daxilində müxalifətin təzyiqləri, revanşist dairələrin fəaliyyəti və cəmiyyət daxilindəki fikir ayrılıqları hökumətin manevr imkanlarını yenə də məhdudlaşdıra bilər.

Rusiya ilə münasibətlərdə dəyişiklik olacaqmı? 

Yeni hökumətin diqqətlə izləniləcək istiqamətlərindən biri də Moskva ilə münasibətlər olacaq.

Son iki ildə Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə daha məsafəli siyasət yürüdüb. Ermənistan KTMT-də fəaliyyətini dondurub, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirib, ABŞ və Avropa ölkələri ilə siyasi əlaqələri gücləndirib.

Əgər yeni hökumətdə bu kursun tərəfdarı olan siyasətçilər üstünlük təşkil etsələr, İrəvanın Qərbə inteqrasiya siyasətinin davam edəcəyi gözlənilir. Əksinə, Rusiya ilə münasibətləri normallaşdırmağa meylli yeni fiqurların hökumətdə yer alması Moskva ilə dialoqun intensivləşməsinə səbəb ola bilər.

Lakin Paşinyanın seçkilərdə yenidən inam qazanması göstərir ki, xarici siyasətdə kəskin dönüşdən daha çox mövcud kursun müəyyən düzəlişlərlə davam etdirilməsi ehtimalı yüksəkdir.

Qarşıdakı dövr nə göstərəcək?

Avqustun 2-də hökumətin istefası Ermənistan siyasətində formal prosedur sayılsa da, yeni kabinetin tərkibi region üçün mühüm mesajlar verəcək. İlk növbədə, Azərbaycanın danışıq apardığı komandanın qorunub-qorunmayacağı, xarici siyasət blokunda hansı dəyişikliklərin ediləcəyi və İrəvanın həm Bakı, həm də Moskva ilə münasibətlərdə hansı xətti seçəcəyi yaxın həftələrdə aydınlaşacaq.

Məhz bu qərarlar Ermənistanın daxili siyasi gündəliyindən daha çox, Cənubi Qafqazda sülh prosesinin növbəti mərhələsinə təsir göstərə biləcək əsas amillərdən biri olacaq.

Kübra Musayeva

NEWS FEED
01 AUGUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 All News