Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir
Bu gün Ukrayna ordusu Rusiyanın paytaxtı Moskva şəhərinə dronlarla yenidən hücum edib. Bundan əlavə, təhlükəsizlik səbəbindən Domodedovo və Jukovski hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Həmçinin dünən də Moskvaya pilotsuz uçuş aparatları (PUA) vasitəsilə kütləvi zərbələr endirilmişdi.
Hər şey indi Moskvada baş verənlərlə məhdudlaşırmı? Xeyr.

Əslində, prosesin hələ "əsl hissəsi" başlamayıb. Rusiya Müdafiə Nazirliyindən sızan daxili məlumatlar reallığı ortaya qoyur. Paytaxtın səmasını tamamilə bağlamaq üçün ölkənin indiki hava müdafiə sistemlərindən təxminən yüz dəfə çox güc tələb olunur. Bu isə indiki şərtlərdə qeyri-real görünür, çünki Rusiya özünün bütün resurslarını bu istiqamətə yönəltsə belə, mövcud boşluğu doldurmağa gücü yetməyəcək. Moskva çox böyük, nəhəng ərazini əhatə edən və ən əsası, tamamilə fərqli dövrün müharibə strategiyasına görə tikilib. Lakin son dörd il müharibənin bütün qaydalarını kökündən dəyişdi.
Ukrayna hələ ki hücumları yalnız fabriklərə, anbarlara və sırf hərbi obyektlərə yönəldir. Amma bu belə davam edəcəkmi? Ölkənin paytaxtı müdafiə oluna bilməyəndə oyunun bütün qaydaları dəyişir. Rusiya cəmiyyəti hələ də dövlətin yaratdığı "yenilməzlik" balonunun içində yaşamağa davam edir, lakin rəsmi təbliğat, Böyük Vətən Müharibəsi ətrafında qurulan köhnə miflər və kilsə tütsüləri göydən gələn dronları saxlamaq gücündə deyil. Bu süni ideologiya hər gecə partlayan strateji obyektləri də bərpa etmir. Buna görə də oyanış cəmiyyət üçün çox sürətli, sərt və ağrılı olacak, Kreml isə gec-tez öz siyasi və hərbi seçimlərinin acı nəticələri ilə birbaşa üzləşməli olacaq.
![]()
Acı reallığın ən bariz nümunəsi 18 iyunda, Ukraynanın müharibə tarixboyu Moskvaya qarşı ən böyük dron hücumunu həyata keçirdiyi zaman göründü. Rusiya rəsmilərinin açıqlamalarına istinad etsək, təkcə Moskva ətrafında 180 ilə 194 arasında dron zərərsizləşdirilib, ölkə daxilində isə ümumilikdə 500-dən 1000-ə qədər dronun qarşısı alınıb. Bu kütləvi hücum zamanı Kremlə cəmi 15 kilometr məsafədə yerləşən və Moskvanın ən böyük yanacaq təchizatçısı olan Kapotnya neft emalı zavodu cəmi bir həftə ərzində ikinci dəfə vuruldu. Zavodda baş verən böyük yanğınlar nəticəsində göyə yüksələn qara tüstü sütunları şəhərin hər tərəfindən aydın görünürdü. Hadisə paytaxtın hava limanlarının tamamilə bağlanmasına səbəb oldu, yaşayış binalarının və ticarət mərkəzlərinin üzərinə dron qalıqları düşdü və rəsmi məlumata görə 17 nəfər mülki şəxs yaralandı. Ukrayna Prezidenti Volodimir Zelenski bu vəziyyəti "ədalətli cavab" adlandıraraq, "Ukrayna yanırsa, Moskva da yanacaq" mesajı ilə müharibənin yeni mərhələsini elan etdi.
Rusiya tərəfi dərhal yeni müdafiə xətləri qurmağa, Moskva ətrafında "Pantsir" sistemləri quraşdırılmış xüsusi qüllələr ucaltmağa, mobil qruplar və FPV-interseptorlar yerləşdirməyə başladı. Lakin RUSI, Forbes və Kyiv Post kimi aparıcı hərbi analitik mərkəzlər mühüm bir nöqtəyə diqqət çəkir: çox ucuz başa gələn dron sürülərinə (swarm) qarşı milyonluq bahalı raketlərlə mübarizə aparmaq Rusiyanı iqtisadi və hərbi cəhətdən sürətlə tükəndirir. Ölkənin S-300, S-400 və "Pantsir" raketləri elə bir sürətlə xərclənir ki, hazırda orduda ciddi bir "raket qıtlığı" (missile drought) yaşanır. Ukrayna isə tam əksinə, Rusiyanın bu tükənmə prosesi qarşısında hər gün daha ucuz və kütləvi dron istehsalını artırmağa nail olur.
![]()
Hərbi nöqteyi-nəzərdən yanaşdıqda, proses klassik asimetrik müharibə nümunəsidir. Rusiya hərbi yürüşə başlayanda prosesin "qısa və qələbəli" olacağını düşünürdü, lakin bu gün tamamilə strateji müdafiə mövqeyinə çəkilmək məcburiyyətində qalıb. Moskvanın hazırkı hava hücumundan müdafiə sistema Sovet dövründən qalan və əsasən irihəcmli təyyarələrə, yaxud ballistik raketlərə qarşı hesablanmış strukturdur. Alçaqdan və yavaş uçan minlərlə ucuz dron qarşısında isə bu sistemlər həm həddindən bəzi baha, həm də tamamilə səmərəsiz qalır. Ukraynanın tətbiq etdiyi kütləvi yüklənmə (saturation attack) taktikası Rusiyanın radarlarını iflic edir. Hava müdafiəsini yüz dəfə artırmaq fikri riyazi olaraq bir qədər şişirdilmiş görünsə də, ifadə olunan əsas hərbi mesaj tamamilə doğrudur: Moskvanı müasir dron hücumlarından yüz faiz qorumaq praktiki olaraq qeyri-mümkündür. Şəhərin coğrafi miqyası çox genişdir, radarların görmədiyi çoxsaylı kor nöqtələr var, ölkənin hərbi resursları isə tükənməz deyil. Rusiya hazırda neft zavodları və paytaxt kimi ən kritik obyektləri qorumaq üçün hava müdafiəsini müəyyən nöqtələrdə sıxlaşdırır, lakin bu addım ölkənin digər regionlarını tamamilə müdafiəsiz və zəif vəziyyətdə qoyur.
Moskva səmasında müşahidə olunan bu amansız və kütləvi dron aktivliyinin pərdəarxasında isə Ukraynanın hərbi rəhbərliyindəki strateji kadr islahatları dayanır. Rusiyanın Ukraynaya qarşı 5 ildir davam etdirdiyi işğalçı müharibənin taleyində artıq rəqəmsal texnologiyalar və korrupsiya ilə mübarizə ən azı cəbhədəki silahlar qədər həlledici rol oynamağa başlayıb. Bu transformasiyanın mərkəzində isə Ukraynanın cəmi 5 ay əvvəl, 14 yanvar 2026-cı ildə müdafiə naziri postuna gətirilən 35 yaşlı Mixail Fedorov durur. Bundan əvvəl 7 il ərzində Rəqəmsal transformasiya naziri və Baş nazirin müavini kimi uğurlu layihələrə imza atan gənc siyasətçi, Müdafiə Nazirliyində rüşvət və korrupsiyanın kökünü kəsməklə yanaşı, döyüş meydanında məhz həmin o texnoloji üstünlüyü təmin edib. Fedorovun cəmi 5 ay ərzində həyata keçirdiyi köklü islahatlar Ukrayna ordusunun simasını və hücum taktikasını tamamilə dəyişib.

Bu dəyişikliyin birinci dayağı hərbi satınalmalarda tətbiq edilən "Rəqəmsal audit" və mütləq şəffaflıqdır. Hərbi satınalmalarda uzun illər kök salmış rüşvətxorluğun qarşısını almaq üçün Müdafiə Nazirliyinin təchizat zənciri Fedorov tərəfindən tamamilə rəqəmsallaşdırılıb. O, keçmiş nazirliklərdə uğurla sınaqdan çıxardığı elektron dövlət modelini ordunun daxili strukturuna gətirib. İndi hər bir silahın, "pickup" avtomobilinin və ya texnoloji avadanlığın haradan, hansı qiymətə alındığını və cəbhədə hansı briqadaya çatdığını anbaan izləyən şəffaf sistem fəaliyyət göstərir. Bu isə resursların birbaşa və səmərəli şəkildə dron istehsalına axmasını təmin edir. Nazirliyə gəldikdən dərhal sonra Fedorovun atdığı digər mühüm addım isə xüsusi bir süni intellekt (AI) Mərkəzinin təsis edilməsi olub. Bu mərkəzin əsas məqsədi döyüş meydanından və Rusiya ərazilərindən gələn kəşfiyyat məlumatlarını süni intellekt vasitəsilə emal etməkdir. Süni intellekt alqoritmləri peyk şəkilləri, dron çəkilişləri və radioelektron dinləmələr vasitəsilə Rusiya qoşunlarının hərəkətini, hava müdafiə sistemlərinin yerini və strateji hədəflərini insan faktorundan qat-qat sürətli analiz edərək birbaşa komandirlərin ekranına və hücuma hazırlaşan dron operatorlarına ötürür.
Məhz Fedorovun rəqəmsal ordusunun hazırladığı intellektual hücum planları sayəsində Ukraynanın hələ ki yalnız hərbi və enerji hədəflərini seçməsi, əslində, dərindən düşünülmüş strateji gedişə çevrilir. Bu taktika Rusiyanın müharibə iqtisadiyyatını daxildən yavaş-yavaş boğur və ölkədə ciddi yanacaq qıtlığı yaradır.
Digər tərəfdən, paytaxtın müdafiəsiz qalması cəmiyyətdə çox kritik psixoloji sərhədin keçilməsinə rəvac verir. Kreml üçün ən böyük daxili təhlükə cəbhənin deyil, məhz daxili arxa cəbhənin çökməsi riskidir. Elit qruplar arasında narahatlıq artır, xalqın səbri tükənir, ölkənin bütün resursları cəbhə xətti ilə daxili şəhərlərin müdafiəsi arasında əriyir.
İsinmə hərəkətləri başa çatmaq üzrədir, əsl amansız oyun isə indi başlayır.
Qiymət Mahir