İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı
Sosial şəbəkələrdə yer alan iddialara görə, Azərbaycanın İsraildəki səfiri qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı planlardan bəhs edən açıqlamadan sonra ölkəni tərk edib.
Bəs bu iddialar nə qədər doğrudur? Azərbaycan–İsrail münasibətləri korlana bilərmi? Türkiyəyə qarşı yönəlmiş bu siyasət Azərbaycanda necə qarşılandı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov bildirib ki, Azərbaycan səfirinin İsraildən məsləhətləşmələr üçün geri çağırılması məsələsi hələ rəsmi şəkildə təsdiqlənməyib:

“Ola bilsin, səfir Azərbaycana şəxsi işləri ilə əlaqədar gəlib. Hətta bu xəbərin doğru olması halında belə, ortada ciddi problemin olduğu qənaətində deyiləm. Azərbaycan–İsrail münasibətləri situativ hadisələr üzərində qurulmayıb. Bu münasibətlərin təməlində tarixi reallıqlar və qarşılıqlı maraqlar dayanır.
Hesab edirəm ki, Azərbaycan İsrail tərəfi ilə danışıqlar aparacaq və "erməni soyqırımı" məsələsi Knessetdən geri qaytarılacaq. Fikrimcə, İsrail hakimiyyətinin bu addımı müəyyən mənada Türkiyəyə ünvanlanmış siyasi mesaj xarakteri daşıyır. İsrail rəhbərliyi də Türkiyə ilə vaxtilə mövcud olmuş yaxşı münasibətləri unutmur. Üstəlik, həmin dövrün əsas qərarvericiləri də məhz indiki hakimiyyət nümayəndələri olublar”.
Analitikin sözlərinə görə, İsrail tərəfinin atdığı addım arzuolunan deyil:
“Türkiyə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan qardaş dövlətdir. İsrail isə Azərbaycan üçün əməkdaşlıq baxımından vazkeçilməz tərəfdaşlardan biridir. Hesab edirəm ki, Türkiyə ilə İsrail arasında baş verən proseslərin gərginliyin artması istiqamətində davam etməsi arzuolunan deyil. Bunun indiki mərhələdə heç bir tərəfə fayda gətirməyəcəyi də aydındır. Azərbaycan dövləti də belə bir gərginlikdə maraqlı deyil”.
Qiymət Mahir