Azərbaycanın mövcudluğunun və qalibiyyətininin sirri – Ramiz Yunus yazır…
Niyə ekzistensial təhdidlər dövründə əsas məsələ ideal idarəetmə forması deyil, dövlətin özünü qoruyub saxlamaq və qalib gəlmək qabiliyyəti olur?
Bəşəriyyətin tarixi bir sərt qanunauyğunluğu tanıyır: dövlətlər təkcə sakit dövrlərdə necə idarə olunduqlarına görə deyil, ilk növbədə ən böyük sınaqlar anında necə davrandıqlarına görə qiymətləndirilirlər. Sülh dövründə cəmiyyət özünə siyasi mübahisələr, uzun müzakirələr, müxtəlif siyasi qüvvələrin rəqabəti və mürəkkəb qərar qəbuletmə prosedurları kimi “lüks”ə icazə verə bilər. Məhz demokratiyanın gücü də bundadır – o, müxtəlif fikirlərin nəzərə alınmasına, hakimiyyət üzərində nəzarətin həyata keçirilməsinə və səhvlərin düzəldilməsinə imkan yaradır. Lakin tarix elə məqamları da tanıyır ki, həmin vaxt dövlət tamamilə başqa seçim qarşısında qalır. Söhbət artıq siyasi rəqabətdən deyil, ölkənin mövcudluğundan gedir. Təhdid altında siyasətçilərin reytinqləri və ya növbəti seçkilərin nəticələri deyil, bütöv bir xalqın müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi olur. Bu gün dünya məhz belə bir dövr yaşayır. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü, beynəlxalq hüququn böhranı, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla bir çox beynəlxalq institutların faktiki iflic vəziyyətinə düşməsi, Yaxın Şərqdə yeni münaqişələr, dünyanın ən böyük güc mərkəzləri arasında qarşıdurmanın güclənməsi – bütün bunlar göstərir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası dərin böhran yaşayır.
Soyuq müharibənin başa çatmasından sonra bir çoxları inanırdı ki, dünya gücün birdəfəlik hüquqa yer verdiyi bir dövrə qədəm qoyub və beynəlxalq təşkilatlar dövlətlərin təhlükəsizliyinə təminat verə biləcəklər. Lakin XXI əsr bu illüziyanı dağıtdı. Məlum oldu ki, beynəlxalq hüquq onu qoruyan mexanizmlər olmadan çox vaxt sadəcə bəyannamə olaraq qalır, beynəlxalq tanınmanın mövcudluğu öz-özlüyündə ərazi bütövlüyünün qorunmasına zəmanət vermir və nəticə etibarilə hər bir dövlət özünün sağ qalma strategiyasına malik olmalıdır. Məhz buna görə də bu gün bir çox ölkənin qarşısında əsas sual dayanır: dövlət siyasi üstünlük uğrunda deyil, mövcud olmaq hüququ uğrunda mübarizə apararkən necə hərəkət etməlidir?
Bir neçə gün əvvəl Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilmiş azad Şuşa şəhərində keçirilən IV Beynəlxalq Media Forumu zamanı səmimi söhbətlərin birində ukraynalı həmkarlarım məndən Ukrayna ətrafındakı vəziyyət və bu müharibənin mümkün inkişaf ssenariləri ilə bağlı baxışımı bölüşməyi xahiş etdilər. Söhbət asan olmadı. Çünki bəzən həqiqi dostlar eşidilməsi xoş olanı deyil, zəruri hesab etdiklərini deməlidirlər. Mən də onlara səmimi cavab verdim. Dedim ki, Ukraynanın bu gün apardığı kimi bir müharibə şəraitində dövlətə əsas məqsədə – qələbəyə və dövlətçiliyinin qorunmasına nail olmaq üçün idarəetmə resurslarının və səlahiyyətlərinin maksimum dərəcədə cəmləşdirilməsi lazımdır. Mən anlayırdım ki, belə mövqe mübahisələrə səbəb ola bilər. Lakin bu nəticə nəzəriyyəyə deyil, tarixə əsaslanır. Dövlət ekzistensial təhdid şəraitində olanda, sanki ətrafda sülh və sabitlik hökm sürürmüş kimi idarə oluna bilməz. Müharibə qərarların qəbulunda başqa sürət, başqa məsuliyyət və ölkənin bütün resurslarının fərqli səviyyədə səfərbər olunmasını tələb edir.
Bu, demokratiyadan imtina demək deyil. Bu, sadə tarixi həqiqətin dərk olunması deməkdir: demokratiyanı qorumaq üçün əvvəlcə dövlətin özünü qoruyub saxlamaq lazımdır. Ev yananda əsas vəzifə yanğını söndürməkdir. Şübhəsiz ki, bundan sonra yanğının niyə baş verdiyini, kimin səhvə yol verdiyini və nəticələrə görə kimin cavab verməli olduğunu araşdırmaq lazımdır. Lakin yanğınsöndürənlərdən binanı söndürməyi dayandırıb həmin anda yanğının səbəbləri barədə siyasi müzakirə aparmağı tələb etmək mümkün deyil. Əvvəl insanları xilas etmək, sonra isə araşdırma aparmaq lazımdır. Müharibə vəziyyətində olan dövlət də ilk növbədə öz mövcudluğuna yönəlmiş təhlükəni məğlub etməlidir. Tarix buna bənzər çoxlu nümunələr təqdim edir. İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya demokratik dövlət olaraq qalırdı. Parlament fəaliyyət göstərirdi, siyasi partiyalar mövcud idi, demokratik institutlar qorunurdu. Lakin eyni zamanda Uinston Çörçillin hökuməti müharibənin aparılması üçün zəruri olan fövqəladə səlahiyyətlər əldə etmişdi.
Bütün ölkə bir məqsədə – qələbəyə tabe edilmişdi. İqtisadiyyat, sənaye, nəqliyyat, istehsal – hər şey nasist Almaniyasına qarşı müqavimət üçün səfərbər olunmuşdu. O zaman heç kim demirdi ki, Böyük Britaniya demokratiyadan imtina edib. Hamı başa düşürdü: əgər ölkə müharibəni uduzsa, demokratik dəyərləri müdafiə edəcək heç kim qalmayacaq. Məhz həmin dövrdə Çörçill öz məşhur ifadəsini səsləndirmişdi: “Demokratiya bəşəriyyətin zaman-zaman sınaqdan keçirdiyi bütün digər idarəetmə formalarını nəzərə almasaq, ən pis idarəetmə formasıdır”.
Bu ifadə çox vaxt yalnız demokratiyanın müdafiəsi kimi qəbul edilir. Lakin onun başqa tərəfi də var. Çörçill anlayırdı ki, demokratiya yalnız dövlət özünü müdafiə etməyə qadir olduğu halda mövcuddur. Məhz burada bu gün Ukrayna üçün xüsusilə aktual olan mühüm sual yaranır. Ərazi, insan həyatı və dövlətin gələcəyinin təhlükə altında olduğu genişmiqyaslı müharibəni yalnız sülh dövrünün mexanizmlərindən istifadə etməklə aparmaq mümkündürmü? Mənim fikrimcə, xeyr. Müharibə zamanı dövlət vahid mexanizm kimi fəaliyyət göstərməlidir. Əgər hər bir əmr sonsuz razılaşdırmaların predmetinə çevrilirsə, ordu qalib gələ bilməz. Dövlət sistemi də hər bir operativ qərar uzunmüddətli siyasi prosedura çevrildiyi halda səmərəli işləyə bilməz. Müharibə həmişə vahid komandanlığı, məsuliyyəti və sürəti tələb edir. Məhz buna görə də müharibə aparan ölkənin Ali Baş Komandanı qərar qəbul etmək üçün zəruri səlahiyyətlərə malik olmalıdır. Xüsusilə də əgər həmin lider hakimiyyətə demokratik seçkilər yolu ilə gəlibsə və xalq ölkə tarixinin ən ağır anında rəhbərliyi ona etibar edibsə. Əlbəttə, müharibə başa çatdıqdan sonra cəmiyyət hakimiyyətin fəaliyyətini qiymətləndirmək imkanına malik olmalıdır, demokratik institutlar işləməli, siyasi rəqabət mövcud olmalı və nəticələr çıxarılmalıdır. Lakin əvvəlcə qalib gəlmək lazımdır. Çünki məğlub olmuş dövlət artıq öz siyasi modelini seçə bilməyəcək. Burada Azərbaycanın təcrübəsi xüsusilə vacibdir.
Mən 1990-cı illərin əvvəllərini çox yaxşı xatırlayıram. Həmin dövrdə əvvəl Azərbaycan hökumətində, sonra isə parlamentində rəhbər vəzifələrdə çalışırdım və gənc müstəqil ölkənin bir çox nümayəndəsi kimi səmimi şəkildə inanırdım ki, Soyuq müharibə başa çatdıqdan sonra beynəlxalq hüquq və demokratik Qərb bizim təhlükəsizliyimizin və ərazi bütövlüyümüzün təbii təminatçılarına çevriləcəklər. Biz o zaman inanırdıq ki, dövlətin arxasında beynəlxalq hüquq dayanırsa, beynəlxalq sistem də mütləq ədaləti bərpa edəcək. Lakin reallıq xeyli mürəkkəb oldu. Çox tez aydın oldu ki, dünya siyasəti təkcə prinsiplər üzərində deyil, həm də maraqlar, güc balansı və dövlətin öz mövqeyini müstəqil şəkildə müdafiə etmək bacarığı üzərində qurulur. Postsovet məkanının bir çox dövlətləri eyni problemlə üzləşdilər: Azərbaycan, Gürcüstan, Moldova, daha sonra Ukrayna. Onların hamısı sovet imperiya sisteminin natamam süqutunun nəticələri və ərazi münaqişələri ilə qarşılaşdılar. Dondurulmuş münaqişələr Moskvanın qonşu dövlətlər üzərində təsirini qoruyub saxlamaq alətinə çevrildi və həmin vaxt hər bir ölkənin qarşısında eyni sual dayanırdı: problemi başqasının həll etməsini gözləmək, yoxsa öz strategiyasını yaratmaq?
Azərbaycan ikinci yolu seçdi. 1994-cü ildə Bişkek Protokolu imzalandıqdan və döyüş əməliyyatlarının aktiv mərhələsi dayandırıldıqdan sonra dövlətimiz sadəcə siyasi həll gözləmədi, gələcəyin təməlini yaratmağa başladı. Həmin 1994-cü ilin payızında “Əsrin müqaviləsi”nin imzalanması təkcə iqtisadi hadisə deyildi. Bu, strateji addım idi. Azərbaycan iqtisadiyyatını gücləndirmək, beynəlxalq investisiyalar cəlb etmək, yeni enerji layihələri yaratmaq və müstəqil siyasətin əsasını formalaşdırmaq imkanı əldə etdi. Bununla paralel olaraq müasir ordu qurulur, dövlət sistemi möhkəmləndirilir, diplomatiya inkişaf etdirilir, beynəlxalq tərəfdaşlıqlar yaradılırdı. Bütün bunlar vahid uzunmüddətli strategiyanın tərkib hissəsi idi və buna görə də Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı qələbə təsadüfi deyildi. Bu qələbə, demək olar ki, otuz illik ardıcıl dövlət siyasətinin nəticəsi idi. Bu gün Beynəlxalq Media Forumunun keçirildiyi Şuşa şəhəri məhz bu tarixi prosesin rəmzidir. Bu şəhər göstərir ki, dövlət strategiyaya, siyasi iradəyə və məqsədinə ardıcıl şəkildə irəliləmək qabiliyyətinə malikdirsə, itirilmişi geri qaytarmaq mümkündür. Azərbaycan ona görə qalib gəlmədi ki, daha yaxşı şəraitə malik idi. O, məhdud imkanlarını uzunmüddətli strategiyaya çevirə bildiyi üçün qalib gəldi. Bu gün Azərbaycanın təcrübəsi təkcə Azərbaycan üçün deyil, Ukrayna, Gürcüstan, Moldova və təkcə postsovet məkanı ilə məhdudlaşmayan bir çox ölkələr üçün də vacibdir. Yeri gəlmişkən, bu, Azərbaycan Prezidentinin forum iştirakçıları ilə görüşü və ona ünvanlanan suallar zamanı da çox aydın şəkildə özünü göstərdi.
Bu təcrübə ərazi bütövlüyü ilə bağlı çağırışlarla üzləşən bütün dövlətlər üçün əhəmiyyətlidir və əsas dərs birdir: güc yolu ilə əldə ediləni heç kim könüllü şəkildə geri qaytarmır. Azərbaycanda deyildiyi kimi: “Qanla gedən, yalnız qanla qayıdır”. Bu, müharibəyə çağırış deyil, tarixi reallıqdır. Təcavüzkar çox nadir hallarda yalnız diplomatik bəyanatların təsiri altında təcavüzün nəticələrindən imtina edir. Ədalətin bərpası üçün təkcə haqlı olmaq və beynəlxalq dəstək kifayət etmir. Bunun üçün güc, strategiya və dövlət iradəsi də lazımdır. Bu gün Azərbaycan dövlətin zəiflikdən subyektliyə, 1990-cı illərin əvvəllərində müstəqilliyini qorumaq uğrunda mübarizə aparan ölkədən bu gün regionunda və onun hüdudlarından kənarda proseslərə təsir göstərə bilən orta güc – middle power kimi qiymətləndirilən dövlətə çevrilməsinin nümunəsidir. Azərbaycanın keçdiyi bu yol sadə bir həqiqəti göstərir: kiçik və orta dövlətlər böyük dövlətlərin siyasətinin obyekti olmağa məhkum deyillər. Lakin bunun üçün onların öz strategiyası olmalıdır.
XXI əsrin dünyası getdikcə daha mürəkkəb olur. Köhnə qaydalar əvvəlki kimi işləmir, beynəlxalq təminatlar isə kifayət etmir. Belə şəraitdə dövlət ilk növbədə öz gücünə arxalanmağı öyrənməlidir. Məhz buna görə də bu gün əsas sual hansı idarəetmə formasının ideal olması deyil. Çünki ideal sistemlər mövcud deyil.
Əsas sual başqadır: dövlət öz tarixinin ən çətin anında düzgün qərarlar qəbul etməyə qadirdirmi? Çünki son nəticədə tarixi ən gözəl siyasi şüarlara malik olan dövlətlər yazmırlar. Tarixi sağ qalmağı və özünü qorumağı bacaran dövlətlər yazırlar.
Nikkolo Makiavelli bir dəfə yazmışdı: “Dövlətlər cəsarətlə əldə edilir, müdrikliklə qorunur və səhlənkarlıq ucbatından itirilir”.
Beş əsr keçməsinə baxmayaraq, bu sözlər bu gün də öz aktuallığını itirməyib. Çünki tarix amansızdır və məhv olmuş dövlətlərdən onların siyasi sisteminin nə dərəcədə mükəmməl olduğunu soruşmur. Tarix yalnız bir sual verir: həmin dövlətlər öz azadlıqlarını, torpaqlarını və mövcud olmaq hüquqlarını qoruya bildilərmi?
Çünki demokratiyanı bərpa etmək olar, siyasi institutları dəyişmək olar, hakimiyyətin səhvlərini düzəltmək olar. Amma itirilmiş dövlətçiliyi geri qaytarmaq demək olar ki, mümkün deyil.
Ramiz Yunus
“Xəzər” Beynəlxalq Universitetinin siyasi elmlər üzrə professoru