Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik
“Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorossiysk kəməri ilə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlə neftimizin dünya bazarlarına daşınmasına əngəl törədərdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorossiysk limanından daşınmaya təhdid yaratdığından, Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı”.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Hörmüz boğazında yaşanan gərginlik enerji resurslarının dünya bazarlarına çıxarılmasında alternativ marşrutların əhəmiyyətini bir daha göstərir.
“Hazırda Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər”.

Onun sözlərinə görə, tarixdə də strateji əhəmiyyət daşıyan marşrutların bağlanması və ya təhlükə altında qalması alternativ yolların yaradılmasına səbəb olub. Politoloq İkinci Dünya müharibəsi dövründə Hindistandan Çinə çəkilən və “Stilvell yolu” adlandırılan marşrutu, eləcə də Süveyş kanalı ətrafındakı gərginlikdən sonra yaradılan Trans-İsrail boru xəttini nümunə göstərib.
Analitik qeyd edib ki, Hörmüz boğazından asılılığın azaldılması üçün Oman istiqamətində də alternativ marşrutların yaradılması ideyaları uzun müddətdir müzakirə olunur:
“1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir edəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Körfəz ölkələrinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi”.
O, Yəməndə husilərin Bab əl-Məndəb boğazında gəmilərə hücumlarından sonra bir çox ticarət gəmisinin Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan keçən daha uzun marşrutlara yönəldiyini diqqətə çatdıraraq bildirib ki, strateji boğazların risk altında qalması alternativ yolların əhəmiyyətini artırır.

Politoloq düşünür ki, Azərbaycan da enerji ixracında bu məsələnin əhəmiyyətini hələ 1990-cı illərdə düzgün qiymətləndirib:
“Azərbaycan dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Bakı-Novorossiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhan boru kəmərlərinin tikintisini də reallaşdırdı”.
O hesab edir ki, bu qərarlar Azərbaycanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyıb. Əks halda, bir marşrutdan asılılıq bu gün Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında ciddi problemlər yarada bilərdi.
Elxan Şahinoğlu Qazaxıstanın hazırkı vəziyyətini də nümunə göstərib. O qeyd edib ki, Astana Novorossiysk limanından asılılığını azaltmaq üçün alternativ marşrutlar axtarır və bu baxımdan Azərbaycanın neft kəmərlərindən istifadə imkanlarını genişləndirməyə çalışır.

“Qazaxıstan Novorossiysk limanından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır”, - deyə, ekspert fikrini yekunlaşdırıb.
Jalə Rövşən