Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü
İkinci Dünya Müharibəsinin taleyini həll edən ən böyük döyüşlərdən biri, şübhəsiz ki, 17 iyul 1942 - 2 fevral 1943-cü illər arasında baş vermiş Stalinqrad döyüşüdür.
Tarixçilərin əksəriyyəti bu amansız qarşıdurmanı bütün müharibənin ən mühüm dönüş nöqtəsi hesab edir. Məhz bu döyüş Almaniyanın Sovet İttifaqına hücum planlarının iflasa uğradığını və müharibənin artıq müttəfiqlərin xeyrinə döndüyünü bütün dünyaya nümayiş etdirdi.
Volqa çayı boyunca təxminən 50 kilometr uzanan Stalinqrad hərbi texnika və traktor istehsal edən nəhəng sənaye mərkəzi idi. Lakin şəhərin strateji əhəmiyyəti təkcə sənayesi ilə məhdudlaşmırdı. Şəhərin ələ keçirilməsi sovetlərin Cənubi Rusiya ilə nəqliyyat əlaqələrini tamamilə kəsə bilərdi.
Digər tərəfdən, Stalinqrad almanların Qafqaz neft yataqlarına doğru irəliləyən ordularının şimal cinahını qorumaq üçün mükəmməl bir dayaq məntəqəsi olmalı idi. Bütün bunlardan əlavə, Sovet lideri İosif Stalinin adını daşıyan bu şəhəri fəth etmək Adolf Hitler üçün həm də böyük bir şəxsi iddia və təbliğat qələbəsi demək idi.
Alman hərbi rəhbərliyi bu məqsədlərə çatmaq üçün "Mavi əməliyyat" (Fall Blau) planını hazırlamışdı. 1942-ci il iyunun 28-də feldmarşal Fedor fon Bokun rəhbərlik etdiyi "Cənub" Ordu Qrupunun hücumu ilə əməliyyat uğurla başladı. Lakin iyulun 9-da Hitler gözlənilmez bir qərar verərək ilkin planı dəyişdi və həm Stalinqradın, həm də Qafqazın eyni vaxtda ələ keçirilməsini əmr etdi.
Bu məqsədlə "Cənub" Ordu Qrupu iki hissəyə bölündü. Feldmarşal Vilhelm Listin rəhbərliyi altındakı "A" Ordu Qrupu Qafqaza doğru irəlilədiyi halda, feldmarşal Maksimilian fon Vayxsın rəhbərlik etdiyi "B" Ordu Qrupu Stalinqrada yönəldi. Qüvvələrin bu cür bölünməsi almanların onsuz da gərgin olan təchizat sistemini iflic etdi. Üstəlik, iki ordu qrupu arasında yaranan boşluq Sovet qoşunlarına mühasirədən qaçaraq şərqə çəkilmək imkanı verdi.
Yay hücumuna cavab olaraq Sovet ali komandanlığı marşal Semyon Timoşenkonun rəhbərliyi altında Stalinqrad Cəbhəsini yaratdı. Bu cəbhəyə 62-ci, 63-cü və 64-cü ordular, eləcə də digər köməkçi qüvvələr daxil edildi. Əvvəlcə sovetlər kütləvi itkilərdən qaçmaq üçün nizamlı şəkildə geri çəkilirdilər. Lakin iyulun 28-də İosif Stalin məşhur 227 nömrəli — "Bir addım da geri!" əmrini verdi. Stalin həmçinin mülki əhalinin şəhərdən çıxarılmasına icazə vermədi; o inanırdı ki, əsgərlər arxalarında canlı insanların olduğunu bilsələr, şəhəri daha inadla müdafiə edəcəklər.
Avqustun sonuna doğru general Fridrix Paulusun rəhbərlik etdiyi, Alman ordusunun ən seçmə 330 000 əsgərindən ibarət Altıncı Ordusu və general Hermann Hotun Dördüncü Tank Ordusu Stalinqrada yaxınlaşdı. Avqustun 23-də almanların hava qüvvələri (Luftwaffe) şəhərə yandırıcı bombalar yağdıraraq evlərin böyük hissəsini xarabalığa döndərdi. Lakin general Vasili Çuykovun rəhbərlik etdiyi Sovet 62-ci Ordusu şəhərin dağıntıları içərisində mətinliklə mövqe tutdu.
Müharibə artıq hər küçə, hər məhəllə və hətta hər bina uğrunda gedən amansız bir ölüm-dirim savaşına çevrilmişdi. Mövqelər gün ərzində bir neçə dəfə əldən-ələ keçirdi. Oktyabrın ortalarında almanlar sovet müdafiəçilərini Volqa çayının sahilində cəmi 15 km uzunluğunda və 3–5 km enində olan dar bir zolağa sıxışdıra bilmişdilər. Təchizat çayın digər sahilindən barja və qayıqlarla, düşmən pulemyotlarının atəşi altında gətirilirdi. Lakin ağır itkilər, tükənən güclər və yaxınlaşan sərt rus qışı almanların da hücum potensialını tamamilə zəiflətmişdi.
Döyüşün taleyini dəyişən addım sovet generalları Georgi Jukov, Aleksandr Vasilevski və Nikolay Voronov tərəfindən hazırlanan "Uran" əməliyyatı (19–23 noyabr) oldu. Sovet komandanlığı birbaşa şəhərdəki güclü alman ordusuna hücum etmək əvəzinə, cinahlarda yerləşən zəif silahlanmış və motivasiyasız Rumıniya, Macarıstan və İtaliya qoşunlarına zərbə vurdu. Noyabrın 23-də Stalinqradın 100 kilometr qərbində, Kalaç şəhəri yaxınlığında birləşən Sovet qoşunları almanların Altıncı Ordusunu və Dördüncü Tank Ordusunun qalıqlarını — ümumilikdə təxminən 250 000 əsgəri tam mühasirəyə aldı.
Paulus mühasirəni yarıb geri çəkilmək istəsə də, Hitler buna qəti etiraz etdi və ona "yerində qalıb döyüşmək" əmrini verdi. O, ordunun havadan təchiz olunacağını vəd etsə də, Almaniya hava qüvvələri bu yükün öhdəsindən gələ bilmədi. Dekabrda feldmarşal Erix fon Manşteyn alman ordusunu xilas etmək üçün "Qış fırtınası" (Wintergewitter) əməliyyatına başlasa da, Hitlerin Paulusa qərbə doğru hərəkət etmək icazəsi verməməsi bu cəhdi də uğursuzluğa məhkum etdi.
Ardınca sovetlərin başlatdığı "Saturn" və "Halqa" (Koltso) əməliyyatları mühasirədəki almanların son ümidlərini də məhv etdi. Hitler təslim olmağı qadağan etmək üçün Paulusa feldmarşal rütbəsi verdi (tarixdə heç bir alman feldmarşalının əsir düşmədiyini xatırladaraq onu intihara sövq etmək istəyirdi). Lakin yanvarın 31-də Paulus tabe olmayaraq təslim oldu. Fevralın 2-nə qədər davam edən təslimolma prosesində 22 general və 91 000 donmuş, ac alman əsgəri əsir götürüldü.
Stalinqrad döyüşü bəşəriyyət tarixinin ən qanlı toqquşmalarından biridir. Almaniya və müttəfiqləri təxminən 800 000 hərbçisini (ölü, yaralı, itkin və əsir olaraq) itirdi. Əsir düşən 91 000 əsgərdən yalnız 5–6 mini (onlar da müharibədən 10 il sonra, 1955-ci ildə) vətəninə qayıda bildi; qalanları sovet düşərgələrində həyatını itirdi. Sovet İttifaqı tərəfində isə rəsmi məlumatlara görə, 1 100 000-dən çox hərbçi öldürülmüş, yaralanmış və ya əsir düşmüş, həmçinin təxminən 40 000 mülki sakin həlak olmuşdur.
1945-ci ildə Stalinqrada rəsmən "Qəhrəman Şəhər" adı verildi. 1967-ci ildə isə döyüşün ən şiddətli getdiyi yüksəklikdə — Mamayev kurqanında nəhəng xatirə kompleksi ucaldıldı. Bu kompleksin mərkəzində ucalan, qılınclı qadın obrazı olan 85 metrlik "Vətən çağırır" heykəli bu gün də Stalinqrad qəhrəmanlarının fədakarlığını bütün dünyaya xatırladır. Elə bu kompleksdə şəhərin müdafiəsinə rəhbərlik etmiş və sonralar Sovet İttifaqı marşalı rütbəsinə ucalmış Vasili Çuykovun da məzarı yerləşir.
Qiymət Mahir