Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın
Kardioloqlar bildirirlər ki, düzgün seçilmiş səhər yeməyi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislər səhər yeməyini ötürməməyi, lif, antioksidant və sağlam yağlarla zəngin qidalara üstünlük verməyi tövsiyə edirlər.
ABŞ-nin Mayami Ürək və Damar Xəstəlikləri İnstitutunun kardioloqu Serciu Darabantın sözlərinə görə, səhər yeməyini buraxmaq metabolik sindromun – piylənmə, insulinə davamlılıq və yüksək təzyiq kimi problemlərin yaranma riskini artıra bilər.
Mütəxəssislərin fikrincə, duzlu səhər yeməyi sevənlər üçün ən yaxşı seçim tam taxıllı çörək üzərində avokado və yumurtadır. Bu kombinasiya lif, zülal, omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir. Yeməyə ispanaq, kətan və ya çia toxumu, eləcə də az miqdarda zeytun yağı əlavə etmək faydalıdır.
Həkimlər bildirirlər ki, avokado ürək-damar sağlamlığını dəstəkləyir, qan təzyiqinin tənzimlənməsinə və damarların elastikliyinin qorunmasına kömək edir. Sosiska və bekon kimi emal olunmuş ət məhsullarının əvəzinə isə toyuq əti, qızılbalıq, dəniz məhsulları və ya yağsız mal ətinə üstünlük verilməsi məsləhət görülür.
Şirin səhər yeməyini sevənlər üçün isə ən faydalı seçim tam taxıllı yulaf sıyığı hesab olunur. Kardioloq yulafı az yağlı və ya bitki mənşəli süd, təzə giləmeyvə, qoz və ya badam, bir çimdik darçın və az miqdarda bal ilə hazırlamağı tövsiyə edir.
Mütəxəssislərin sözlərinə görə, yulafın tərkibindəki beta-qlükan adlı lif növü “pis” xolesterinin səviyyəsini azaltmağa, qanda şəkərin tənzimlənməsinə və ürək xəstəlikləri riskinin aşağı düşməsinə kömək edir. Giləmeyvələrdəki antioksidantlar ürək hüceyrələrini iltihabdan qoruyur, qoz-fındıq isə omeqa-3 yağ turşuları hesabına ürək sağlamlığını dəstəkləyir.