Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı?

Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı?
05.06.2026 13:30

Ermənistandakı seçkiönü mənzərə fonunda Qərbi Azərbaycan mövzusu da aktuallığını qoruyur. 

Belə ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi və hüquqi baxımdan Ermənistan Respublikasının vətəndaşları olması faktı onların qayıdış hüququnun mühüm əsaslarından biri kimi dəyərləndirilir.

Bəs, əgər bu gün həmin şəxslərin vətəndaşlıq və seçki hüquqları yerində qalsaydı və onlar orada aktiv seçici ola bilsəydilər, Ermənistandakı seçkilərdə namizədlərdən və siyasi qüvvələrdən tələbləri nə olardı?

TodayPress TV mövzu ilə bağlı Milli Məclisin Qərbi Azərbaycandan olan deputatlarına və ziyalılara sorğu ünvanladı.

Zəngəzur mahalının Qarakilsə rayonunun Vağudi kəndində anadan olan Millət vəkili Azay Quliyev bildirdi ki, Qərbi azərbaycanlılar hazırda öz tarixi torpaqlarında olsaydılar, seçkilərdə özləri iştirak edər və suallarını da soydaşlarımızdan olan namizədə verərdilər.

Basarkeçər rayonunun Qanlı kəndində anadan olan deputat Rizvan Nəbiyevin sözlərinə görə, bu məsələyə tarixi və hüquqi prizmadan yanaşsaq, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar uzun illər həmin ərazilərin yerli sakinləri, sosial-siyasi həyatının iştirakçıları və faktiki olaraq, SSRİ-nin, onun daxilində Ermənistan SSR-in vətəndaşları olublar. Bu baxımdan belə bir hipotetik yanaşma yalnız emosional deyil, həm də siyasi və hüquqi məntiqə əsaslanır:

“Əgər deportasiya olmasaydı, bu gün həmin insanlar və ya onların davamçıları seçki hüquqlarını qoruyub saxlamış olsaydılar və Ermənistanda aktiv siyasi iştirak imkanına malik olsaydılar, məncə onların əsas tələbi təhlükəsiz gələcəyə və davamlı sülhə xidmət edən siyasi gündəm olardı. Bu kontekstdə əsas mövqe Azərbaycanla sülh sazişinin imzalanmasını, dövlətlərarası münasibətlərin normallaşdırılmasını və regional əməkdaşlığın qurulmasını açıq şəkildə müdafiə edən siyasi qüvvələrə dəstək olardı. Çünki Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, kommunikasiyaların açılmasında, iqtisadi inteqrasiyada, qarşılıqlı təhlükəsizliyin təmin edilməsində, insan hüquqlarının və tarixi ədalətin tanınmasında, region xalqları arasında etimadın formalaşdırılmasındadır”.

Millət vəkili bildirib ki, bu gün regionun əsas ehtiyacı yeni müharibə ritorikası deyil, sülh arxitekturasının qurulmasıdır:

“Azərbaycan dəfələrlə göstərib ki, postmünaqişə mərhələsində əsas prioriteti beynəlxalq hüquqa əsaslanan sülh sazişi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional inkişaf modelidir.

Əgər Ermənistanda siyasi qüvvələr Azərbaycanla sülh müqaviləsini dəstəkləyir, ərazi iddialarından imtina edir, regionda iqtisadi əməkdaşlığı prioritet sayır, Zəngəzur dəhlizi və regional bağlantıların açılmasına konstruktiv yanaşır, qonşu dövlətlərlə normal münasibətlərin qurulmasını müdafiə edirsə, o zaman belə siyasi yanaşma həm Ermənistan cəmiyyətinin, həm də vaxtilə həmin torpaqlardan deportasiya edilmiş azərbaycanlıların təhlükəsiz gələcəyinə xidmət edə bilər”.

R.Nəbiyevin fikrincə, ən vacib məqam budur: Qərbi Azərbaycana münasibətdə hüquqi və tarixi ədalət məsələsi  beynəlxalq hüquq, insan hüquqları, qayıdış hüququ və sülh yolu ilə həll olunmalıdır.

“Məhz buna görə də sülh gündəliyini, Azərbaycanla münasibətlərin normallaşdırılmasını və dövlətlərarası əməkdaşlığı dəstəkləyən siyasi qüvvələr regionun gələcəyi baxımından daha rasional seçim hesab oluna bilər”, – deyə o bildirib.

Amasiya rayonunun Əzizbəyov kəndində anadan olan millət vəkili Tənzilə Rüstəmxanlı bildirdi ki, Ermənistanda seçib-seçilmək hüququ olsaydı, hakimiyyətə iddialı olan namizədlərdən ilk növbədə daxili siyasətə yönəlməyi, iqtisadiyyatın gücləndirilməsini, vətəndaşların hüquq və azadlıqlarının tanınmasını, xüsusilə də ədalətli bir idarəetmə sisteminin bərqərar olunmasını tələb edərdi:

“Xarici siyasətdə isə mütləq şəkildə qonşuluq siyasətinə riayət edilməsini, qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamaq platformasının qurulmasını arzu edərdim. Əlbəttə, orada doğulub-böyümüş bir azərbaycanlı, milliyyətcə türk olan bir Ermənistan vətəndaşı olaraq, ölkə idarəçilərinin erməni xalqını türk düşmənçiliyi hissindən uzaqlaşdırmasını və diasporanın bu məsələdən istifadə edərək yerli xalqı əsir etməsindən vaz keçməsini də bir seçici arzusu olaraq onların qarşısında qoyardım”.

Əslən Göyçədən olan deputat Zahid Orucun sözlərinə görə, Ermənistanda seçici ola bilsəydi, namizədlərdən bunları tələb edərdi:

“90-cı illərin liderlərinin taleyinə baxsınlar, azad olunan torpaqlarda dağıntılara və quruculuğa diqqət yetirsinlər, Azərbaycanla sülh şəraitində yaşadıqları dövrdə erməni xalqının demoqrafik artımı faktını nəzərə alsınlar, tarixi yolların açılmasına qarşı dayanmağın qeyri-mümkün olması aksiomasını qəbul etsinlər, imperiyaların maraqlarının dəyişmədiyi, lakin erməni xalqının hər dəyişən formasiyada azaldığı faktı ilə hesablaşsınlar, nəhayət, Bakı və İrəvanın tarixi vahidliyinin ayrılmazlığını rəhbər tutsunlar”.

Vedi rayonunun Şirazlı kəndində anadan olan sabiq millət vəkili Etibar Əliyevin sözlərinə görə, vaxtilə onlar Qərbi Azərbaycanda yaşayanda, Ermənistan Ali Sovetinə seçkilər keçirilirdi və həmin seçkilərdə azərbaycanlılar üçün müəyyən kvota ayrılırdı: iki-üç nəfər, uzağı beş nəfər. 

“Həmin şəxslər əsasən kolxozçular və fəhlələr arasından seçilirdi. Namizədlər irəli sürülür, onların adları formal seçkilərdə deputat siyahılarına daxil edilirdi. Bir Qərbi azərbaycanlı kimi deyirəm ki, niyyətimiz öz doğma torpaqlarımıza dinc yolla qayıtmaqdır. Əgər qayıdış baş verəcəksə, şübhəsiz ki, biz qanunverici orqanda və digər idarəetmə strukturlarında çalışmaq üçün müəyyən tələblər irəli sürəcəyik. Əgər söhbət qanunverici orqandan gedirsə, məsələn, azərbaycanlıların həmin orqanda təmsil olunmasını və ayrılan yerlərin sayının daha çox olmasını, şübhəsiz ki, tələb edəcəyik, əgər öz doğma torpaqlarımıza qayıda bilsək”, — deyə o bildirib. 

Sabiq deputat, həmçinin mülkiyyət, azadlıq, yaşamaq hüquqlarının pozulduğunu bildirdi:

“300 mindən çox insan son deportasiya zamanı vəhşicəsinə qovuldu. Onların, demək olar ki, 50-60 faizi evlərini qoyub çıxdılar. Qərbi Azərbaycanda əsasən kəndlərdə yaşayırdıq. Şəhərlərdə azərbaycanlılar çox az idi və bizim böyük həyət evlərimiz vardı, onları tərk etdik. Böyük bir qismimiz Bakıya gəldi və mənzillərdə məskunlaşdı. Nəticədə bu, əhali artımına ciddi təsir göstərdi. Əvvəllər istənilən ailədə ən azı 5-6 uşaq dünyaya gəlirdi. Binalara köçəndən sonra isə uşaqların sayı bir və ya iki oldu. Çünki şəhər mühitində ailələrin daha az uşaqlı olması hər zaman nəzərə çarpır. 

Bizim azadlıq hüququmuz da pozulurdu. Bu hüququmuzun bərpasını tələb edə bilərik. O mənada ki, idarəetmədə və qanunverici orqanda iştirak etmək niyyətində olacağıq və bu tələbi önə çıxaracağıq. 

Digər təbii hüququmuz isə yaşamaq hüququdur. İnsanların böyük təsərrüfatları var idi və həmin təsərrüfatlar onlara müəyyən gəlirlər gətirirdi. Onun hesabına yaşayışlarını və dolanışıqlarını təmin edirdilər. Bu hüquqların bərpası da, şübhəsiz ki, tələb olunacaq”.

E.Əliyev sonda Qayıdış Konsepsiyasının qəbul olunduğunu və torpaqlarına qayıdacaqlarına, tam bərabərhüquqlu vətəndaşlar kimi Qərbi Azərbaycanda idarəetmədə və qanunvericilik fəaliyyətində təmsil olunmaqla bağlı öz tələblərini irəli sürəcəklərinə ümidvar olduğunu dedi. 

Göyərçin kəndində anadan olan sabiq təhsil naziri Misir Mərdanov isə belə bir imkan olsaydı, insanların dədə-baba yurdlarına qayıtması üçün şəraitin yaradılmasını istəyərdi.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, deputat Sahib Alıyev, deputat Səbinə Xasayeva, Naqif Həmzəyev, Musa Quliyev sorğumuza cavab vermədilər. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 All News