“Real”ın ulduzu klubdan rekord bonus istəyir
Madridin “Real” klubunda çıxış edən Vinisius Juniorun komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
TodayPress TV jurnalist Pepe Alvaresə istinadən xəbər verir ki, braziliyalı hücumçu yeni müqavilə imzalamaq üçün klubdan 80 milyon avro məbləğində imza bonusu tələb edir.
Bundan əlavə, Vinisius öz imic hüquqları ilə bağlı payın da artırılmasını istəyir. Hazırda bu hüquqların 50 faizi futbolçuya məxsus olduğu halda, o, bu göstəricinin 80 faizə çatdırılmasını tələb edir.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə “Flamenqo”dan 45 milyon avro qarşılığında “Real”a transfer olunub. Onun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
26 yaşlı futbolçu 2025/2026-cı illər mövsümündə “kral klubu”nun heyətində bütün turnirlərdə 53 oyunda iştirak edib, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında onun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.
Namiq HUN